Son günlər paytaxt Bakıda nəqliyyatın sıxlığı artıb. Paytaxt ərazilərində demək olar ki, günün bütün saatlarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bəziləri tıxacı yeni tədris ilinin başlanması ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Operativ Media-ya danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, hazırkı tıxacların tədris ili ilə birbaşa bağlılığı yoxdur:
"Hazırkı sıxlığın tədris ili ilə hələlik heç bir əlaqəsi yoxdur. Bildiyimiz kimi, yay aylarında insanlar daha çox kəndə üz tutur və istirahətlərini bağ evlərində keçirməyə üstünlük verirlər. Hazırda yay mövsümü başa çatdığı üçün insanların kənddən şəhərə kütləvi şəkildə qayıdışı müşahidə olunur. Bununla yanaşı, universitetlərə yeni qəbul olunan tələbələrin valideynləri ilə birlikdə ev axtarışı da prosesə əlavə təsir göstərir. Tədris ili başladıqda isə həm tələbələrin, həm də şagirdlərin daşınması sıxlığın daha da artmasına səbəb olacaq".
Qeyd edək ki, bəzi məktəblər sentyabrın 1-dən fəaliyyətə başlasa da, ölkə üzrə tədris ili rəsmi olaraq 15 sentyabrda start götürəcək.
Mütəxəssislər bildirirlər ki, həmin tarixdən sonra şagirdlərin daşınması, məktəb servislərinin hərəkəti və tələbələrin gündəlik marşrutlara oturuşması nəticəsində sıxlığın daha da artacağı gözlənilir.
Hazırkı vəziyyətin ağırlaşmasında yol təmiri, parklanma qaydalarının pozulması, kəsişmələrdə idarəetmə problemləri və ictimai nəqliyyat zolaqlarının zəbt olunması da mühüm rol oynayır.
Şəfa Hüseynli