"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında deyilir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, digər hüquq və azadlıqların təminatı kimi də çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanı ilə məhdudlaşmır, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulmuş hədlər çərçivəsində səmərəli bərpasını təmin etməklə ədalət mühakiməsini də nəzərdə tutur".
Bunu Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, vərəsəlik hüququ mülki qanunvericiliyin ən mürəkkəb sahələrindən biridir. Bu səbəbdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10-cu bölməsi tamamilə vərəsəlik hüququna həsr olunmuşdur:
“Mülki Məcəlləyə əsasən vərəsəlik – ölmüş şəxsin (miras qoyanın) əmlakının digər şəxslərə (vərəsələrə) keçməsidir. Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) yalnız o halda tətbiq olunur ki, miras qoyan vəsiyyətnamə tərtib etməsin və ya tərtib edilmiş vəsiyyətnamə tam və ya qismən etibarsız hesab edilsin”.
Vərəsəlik hüquq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi (10-cu bölmə), “Notariat haqqında” Qanun və digər hüquq normaları ilə tənzimlənir.
Qanun üzrə vərəsələrin növbəliyi aşağıdakı kimi müəyyən edilmişdir:
-
1-ci növbə: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulan uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
-
2-ci növbə: ölənin bacıları və qardaşları;
-
3-cü növbə: həm ana, həm ata tərəfdən baba və nənələr, həmçinin onların valideynləri;
-
4-cü növbə: xala, bibi, dayı və əmilər;
-
5-ci növbə: xala, bibi, dayı və əmi uşaqları, onlar sağ olmadıqda isə həmin şəxslərin övladları.
Fiziki şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr, həm də kənar şəxslər arasında bölüşdürə bilər. Bunun üçün vəsiyyətnamə tərtib olunmalıdır. Vəsiyyətnaməni yalnız vəsiyyət edən şəxs özü tərtib edə bilər; nümayəndə vasitəsilə vəsiyyətnamə bağlamaq mümkün deyil. Vəsiyyət edən, vəsiyyətnamədə vərəsələrin miras payını göstərə və ya hansı əmlakın kimə çatacağını müəyyənləşdirə bilər. Əgər bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölünür.
Konstitusiya Məhkəməsi Plenumunun qərarları ilə bağlı müddəalar:
-
8 yanvar 2021-ci il tarixli Qərara əsasən, birinci növbə vərəsələr (uşaqlar, valideynlər, arvad/ər) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malikdirlər. Onlar vəsiyyətnamə olmadıqda belə məcburi paylarının təmin edilməsini tələb edə bilərlər.
-
19 fevral 2021-ci il tarixli Qərara görə, Mülki Məcəllənin 1193-cü maddəsində nəzərdə tutulan “vəsiyyət edənin uşaqları və valideynləri” anlayışı övladlığa götürülənləri və övladlığa götürənləri də əhatə edir.
-
19 aprel 2023-cü il tarixli Qərara əsasən, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr, onlara çatan miras payı həcmində kreditorlar qarşısında birgə məsuliyyət daşıyırlar.
-
26 dekabr 2023-cü il tarixli Qərara görə, vərəsə mirasdan imtina etmək istədikdə bunu 3 ay ərzində notariat qaydasında etməlidir. Əks halda, mirası qəbul etmiş hesab olunur.
-
21 iyun 2024-cü il tarixli Qərara əsasən, məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil edir. Bu pay vəsiyyətnamənin məzmunundan asılı olmayaraq uşaqların, valideynlərin və həyat yoldaşının (ərin/arvadın) miras payıdır. Məcburi payın qəbuluna xüsusi müddət şamil olunmur və onun tələb edilməsi üçün iddia müddəti nəzərdə tutulmayıb.
Bundan başqa, Mülki Məcəllənin 269, 317.1, 319.1-ci maddələrinə və “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəlikləri icra etmədikdə, kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər".
Ayşən Sadıxzadə