Qida məhsullarının hazırlanması, saxlanması və istehlakı zamanı gigiyenik tələblərə əməl olunmaması müxtəlif xəstəliklərin yaranmasına, hətta həyati təhlükəli zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə ev şəraitində hazırlanan turşular və konservlər bu baxımdan diqqət mərkəzindədir. Çünki ənənəvi metodlarla hazırlanan belə məhsullar gigiyena qaydalarına əməl olunmadıqda ciddi risk daşıyır.
Mövzu ilə bağlı Operativ Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki,qida təhlükəsizliyi məsələsində ən ciddi problemlərdən biri evdə hazırlanan turşuların təhlükəsizliyidir:
"Turşu hazırlanmasında gigiyena qaydalarına riayət olunmaması botulizm və digər təhlükəli zəhərlənmələrə yol aça bilər. Torpaq mikroorqanizmlərin əsas mənbəyidir və onunla təmasda olan məhsullar birbaşa risk daşıyır. Buna görə də evdə hazırlanan konservlərin təhlükəsizliyi xüsusi diqqət tələb edir.
Bazarlarda plastik qablarda turşu satışı azalsa da, bu praktika tam aradan qalxmayıb. Bəzi hallarda kimyəvi maddələr və yüksək sirkə tərkibli məhlullardan istifadə edilməklə hazırlanan məhsullar satışa çıxarılır. Bu isə insanların sağlamlığına mənfi təsir göstərir və orta ömür müddətinin azalmasına səbəb ola bilər".
Ayşən Sadıxzadə