"Tacikistanda keçirilən MDB dövlət başçılarının zirvə toplantısı beynəlxalq siyasi gündəmdə mühüm hadisə kimi qiymətləndirilir. Xüsusilə Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüş həm beynəlxalq ictimaiyyətin, həm də aparıcı media qurumlarının diqqət mərkəzində olub. Görüş zamanı iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişaf istiqamətləri konstruktiv məcrada müzakirə edilib və qarşılıqlı anlaşma, hörmət prinsiplərinə əsaslanan mesajlar səsləndirilib".
Bu fikirləri Operativ Media-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.
O bildirib ki, Rusiya Federasiyasının Prezidenti görüş zamanı bir müddət öncə baş vermiş AZAL təyyarəsinin vurulması hadisəsi ilə bağlı Azərbaycan Prezidentinə və xalqına yenidən baş sağlığı verib: “O, həmçinin hadisə ilə əlaqədar məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğunu, istintaq prosesinin şəffaf və şəxsən onun nəzarəti altında aparıldığını bildirib. Bu, Rusiya tərəfinin məsuliyyətli və diplomatik yanaşmasının göstəricisi olmaqla yanaşı, Azərbaycan Prezidentinə və dövlətinə olan siyasi etimadın ifadəsidir.
Görüşün konstruktiv və qarşılıqlı etimada əsaslanan atmosferdə keçməsi, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcını qoyur. Bu, eyni zamanda, Prezident İlham Əliyevin müdrik, çevik və praqmatik xarici siyasət kursunun növbəti təzahürüdür. Məhz bu siyasət nəticəsində Azərbaycan regionda etibarlı tərəfdaş, sülh və sabitlik təşəbbüslərinin aparıcı qüvvəsi kimi tanınır”.
“Son illərdə Azərbaycan Prezidentinin dünyanın aparıcı dövlətlərinin rəhbərləri ilə — istər Çin Xalq Respublikasının Prezidenti ilə Pekində, istərsə də ABŞ rəhbərliyi ilə Vaşinqtonda keçirilən görüşlərdə səslənən fikirlər bir daha göstərir ki, beynəlxalq güc mərkəzləri Azərbaycanı etibarlı və strateji tərəfdaş kimi qəbul edirlər.
Tacikistandakı görüş təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regionda sabitliyin, diplomatik əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmlənməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Rusiya kimi böyük bir dövlətin rəhbərinin bu səviyyədə üzrxahlıq ifadə etməsi və konstruktiv dialoq təşəbbüsü göstərməsi, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və diplomatik uğurlarının bariz göstəricisidir”, - deputat qeyd edib.
Ayşən Sadıxzadə