"Azerbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən sammitində iştirak edib. Sammit çərçivəsində ən çox diqqət çəkən hadisələrdən biri Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüş olub. Qeyd etmək lazımdır ki, uzun müddətdir iki dövlət başçıları arasında bu səviyyədə birbaşa görüş keçirilməmişdi. Düzdür, Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısında qısa, rəsmi olmayan söhbət olmuşdu, lakin Düşənbədəki bu görüş iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə məsələlərin müzakirə edildiyi ilk ciddi təmas kimi qiymətləndirilir".
Bu fikirləri Operativ Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib:
"Görüşdə əsas müzakirə mövzuları iki istiqamətə bölünürdü. Birinci istiqamət iqtisadi və ticarət əlaqələrinin inkişafı, əməkdaşlıq potensialının artırılması kimi problem yaratmayan, texniki məsələlər idi. Lakin əsas diqqət ikinci istiqamətə iki ölkə münasibətlərində gərginliyə səbəb olmuş amillərin aradan qaldırılmasına yönəlmişdi.
Rusiyanın dövlət başçısı Vladimir Putin görüş zamanı təyyarə qəzasına görə Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib, hadisənin səbəbləri ilə bağlı ilkin məlumatların Ukrayna mənşəli PUA-ların fəaliyyəti ilə əlaqəli ola biləcəyini qeyd edib. Bununla yanaşı, kompensasiya məsələsi və hadisəni törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində addımlar atılacağı da vurğulanıb.
Bu, Azərbaycan tərəfinin dəfələrlə qaldırdığı əsas tələblərdən biri idi və sevindirici haldır ki, Rusiya tərəfi bu məsələlərə müsbət reaksiya göstərib. Əgər bu vədlər real addımlarla müşayiət olunarsa, iki ölkə arasında son dövrlər yaranmış gərginliyin aradan qaldırılması istiqamətində mühüm dönüş əldə edilə bilər.
Qeyd edək ki, təyyarə faciəsinin baş verməsindən bir il — 25 dekabr tarixi etibarilə tamam olur. Məhz bu tarixə qədər yığılıb qalmış problemlərin həlli istiqamətində konkret nəticələr əldə olunarsa, Azərbaycan-Rusiya münasibətləri yenidən əvvəlki əməkdaşlıq səviyyəsinə qayıda bilər.
Bu görüş, ümumilikdə, Cənubi Qafqaz regionunda sabitlik və konstruktiv dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Ayşən Sadıxzadə