Son illərdə Azərbaycanda ikinci əl avtomobil bazarına maraq artmaqdadır. Bu, həm iqtisadi səbəblərlə, həm də yeni avtomobillərin qiymətlərinin artması ilə əlaqədardır. İnsanlar daha münasib büdcə ilə nəqliyyat ehtiyaclarını qarşılamaq üçün istifadə olunmuş, lakin texniki baxımdan qənaətbəxş vəziyyətdə olan avtomobillərə üstünlük verirlər.
Lakin ikinci əl avtomobil alarkən yalnız qiymət amilinə deyil, nəqliyyat vasitəsinin texniki vəziyyətinə, yürüşünə, qəza tarixçəsinə və sənədlərinin düzgünlüyünə də diqqət yetirmək vacibdir. Çünki zahirən yaxşı görünən bir avtomobil, düzgün yoxlanmadığı təqdirdə alıcı üçün gələcəkdə böyük xərclərə və hüquqi problemlərə səbəb ola bilər.
Bu baxımdan, ikinci əl avtomobil alışı həm diqqət, həm də məlumat tələb edən bir prosesdir.
Mövzu ilə bağlı Operativ Media-ya danışan nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, ikinci əl avtomobil alarkən diqqət yetirilməsi vacib olan əsas məqamlar aşağıdakılardır:
Texniki vəziyyətin qiymətləndirilməsi:
-
Mühərrik
-
Sürətlər qutusu
-
Asqı və şassi
-
Əyləc sistemi
-
Elektrik sistemi
-
Kuzov və təhlükəsizlik
-
Qəzalı olub-olmaması
-
Korroziya
Təhlükəsizlik yastıqlarına xüsusi diqqət yetirmək lazımdır. ABŞ-dən gətirilən qəzalı avtomobillərdə hava yastıqları açılmış ola bilər və hər hansı qəza zamanı sürücünü qorumaya bilər.
Ehtiyat hissələri və təmir imkanları:
Azərbaycanda və ya regionda həmin modelin ehtiyat hissələri bazarda geniş yayılıbsa, sonradan təmir və servis daha rahat olacaq. Əgər avtomobil nadir və ya yeni gətirilmiş markadandırsa, hissələrin tapılması çətin və vaxt aparan ola bilər. Hissələrin qiyməti də nəzərə alınmalıdır. Bəzi modellərin ehtiyat hissələri münasib qiymətə olsa da, digərlərinin (xüsusən də premium markaların) çox bahalı ola bilər.
Orijinal (OEM) və keyfiyyətli analoq (aftermarket) hissələrin bazarda olub-olmaması da önəmlidir, çünki yalnız orijinal hissə ilə təmir etmək çox baha başa gələ bilər. Beləliklə, avtomobil alarkən yalnız texniki vəziyyətinə deyil, həm də gələcəkdə servis və təmir rahatlığına diqqət yetirmək vacibdir.