Azərbaycanda fəaliyyət göstərən sağlamlıq mərkəzləri həm tibbi xidmətləri, həm də müalicəvi turizm imkanları ilə yerli və xarici vətəndaşlar üçün cəlbedici seçimlər təqdim edir. Naftalan, Tufandağ və Duzdağ kimi məşhur sağlamlıq və müalicə mərkəzləri təbii resurslara əsaslanan fərqli terapiya üsulları ilə seçilirlər.
Hər bir mərkəz özünəməxsus şərait, iqlim və müalicə proqramları təqdim etdiyindən qiymətlər və xidmət növləri də müxtəlifdir.
Operativ Media ölkə ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzlərinin bəziləri ilə bağlı araşdıma aparıb:
Naftalan sağlamlıq mərkəzləri dermatoloji, dayaq-hərəkət sistemi, uroloji və ginekoloji xəstəliklərin bərpası və müalicəsi üzrə ixtisaslaşıb.
Burada yerləşən hotellərdə xüsusi sağlamlıq paketlərinin qiymətləri aşağıdakı kimdir:
-
Gashalti Health Hotel – 75 AZN-dən,
-
Chinar Hotel & Spa – 90 AZN-dən,
-
Qarabağ Resort & Spa – 129 AZN-dən,
-
Kəpəz Sanatoriyası – 60 AZN-dən,
-
Gözəl Naftalan Sanatoriyası – 40 AZN-dən,
-
Sun City Spa – 82 AZN-dən başlayan qiymətlərlə xidmət göstərir.
Bu mərkəzlərdə mədə-bağırsaq, nevroloji, LOR, dəri, uroloji, ginekoloji, sonsuzluq, dayaq-hərəkət və sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi həyata keçirilir.
Tufandağ Sağlamlıq Mərkəzi ziyarətçilərinə müxtəlif sağlamlıq paketləri təqdim edir. Paketlərin qiyməti 170–280 AZN aralığındadır. Ailələr üçün nəzərdə tutulmuş xüsusi paketlərin qiymətləri isə 60–140 AZN arasında dəyişir.
Duzdağ Hotel Spa Mərkəzi istirahət və müalicə məqsədilə geniş çeşiddə masaj və terapiya xidmətləri təqdim edir. Burada baş, boyun, çiyin, ayaq, topuq, üz və kürək masajları, həmçinin miqren və refleks terapiyalar, selülit və arıqlama masajları, parafin, yosun və gil əsaslı bədən prosedurları 8 AZN-dən 50 AZN-ə qədər dəyişən qiymətlərlə həyata keçirilir. Bundan əlavə, bali aroma terapiyası, relax və klassik masajlar, duz və köpük masajları, kəsə, üz maskası və digər bərpaedici xidmətlər 10–60 dəqiqəlik seanslarla təqdim olunur.
Buzovna Fizioterapiya Mərkəzi 135 AZN-dən başlayan qiymətlərlə müxtəlif fizioterapevtik və bərpaedici xidmətlər təklif edir. Burada mineral su vannaları, sualtı duş-masajlar, SPA kapsulaları, müalicəvi masaj və fitness seansları, hirudoterapiya, Naftalan aplikasiyaları, palçıq və parafin terapiyası, elektroterapiya, maqnitoterapiya, akupunktura, lazer və ozonoterapiya, zərbə dalğa və darsanval terapiyaları kimi müasir müalicə üsullarından istifadə olunur.
Şəfa Hüseynli