Məktəbə bərabər çıxış: Azərbaycanın inklüziv təhsil siyasəti - ARAŞDIRMA

Nərmin Qocamanova
Məktəbə bərabər çıxış: Azərbaycanın inklüziv təhsil siyasəti - ARAŞDIRMA

Əlilliyi olan şagirdlərin təhsilə bərabər çıxış imkanlarının təmin edilməsi cəmiyyətin inklüziv və ədalətli inkişafı üçün vacibdir. 

Müasir təhsil sistemi hər bir şagirdin, o cümlədən əlilliyi olan uşaqların, təhsil imkanlarına bərabər çıxışını təmin etməyə yönəlmişdir. Bu, yalnız fərdi hüquq və sosial ədalət məsələsi deyil, həm də ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. 

Son illərdə təhsil sistemində bu istiqamətdə bir sıra addımlar atılsa da, əlilliyi olan uşaqların məktəbə davamiyyəti, xüsusi ehtiyaclara uyğun resursların təmin edilməsi və müəllim hazırlığının artırılması hələ də önəmli məsələ olaraq qalır.

Azərbaycanda əlilliyi olan şagirdlərin təhsilə bərabər çıxışını təmin etmək üçün hansı addımlar atılır? 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Operativ Media-ya verilən məlumata görə, “Təhsil haqqında” qanun vasitəsilə bütün vətəndaşlara ayrı seçkiliyə yol verilməməsi, sağlamlıq imkanlarından asılı olmayaraq təhsil alma hüququnun yaradılması təmin edilir:



"“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanun sağlamlıq imkanları məhdud uşaqların zəruri bilik, bacarıq və vərdişlər qazanmasını, onların cəmiyyətə uyğunlaşmasını, özünəxidmət bacarıqlarının inkişafını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası” isə ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkili məsələlərini tənzimləyir.

İnklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar funksionallığın artırılmasına xidmət edən lazımi avadanlıq, didaktik material və digər vəsaitlərlə təmin olunurlar. Həmçinin fərdi və qrup məşğələlərin keçirilməsi üçün məktəblərdə köməkçi otaqlar yaradılır. Sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi məqsədilə “Xüsusi təhsilin dövlət standartları” və “İnklüziv təhsilin təşkili Qaydası” əsasında “Fərdi Tədris Planı” hazırlanır.

Azərbaycan Təhsil İnstitutu (ARTİ) tərəfindən inklüziv siniflərdə fəaliyyət göstərən müəllimlərə, məktəb psixoloqlarına və korreksiyaedici pedaqoqlara mentorluq və fərdi təlim planları üzrə dəstək göstərilir. Hər tədris ili ərzində müəllimlər, korreksiyaedici pedaqoqlar və psixoloqlar üçün təlimlər, seminarlar və fərdi təlim planlarının hazırlanması və tətbiqi davam etdirilir.

Hazırda ölkə üzrə 91 müəssisədə inklüziv təhsil təşkil olunub.

Bu sayədə sağlamlıq imkanları məhdud uşaqlar həmyaşıdları ilə birlikdə təhsil ala bilirlər. “2018–2024-cü illərdə sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın nəticələrinə əsaslanaraq yeni dövr üçün inklüziv təhsilin əhatə dairəsi genişləndirilib və hazırda bütün ölkə üzrə tətbiq olunur.

Müəllimlərin bilik və bacarıqları artdıqca daha ağır diaqnozlu uşaqların da inklüziv təhsilə cəlb edilməsi nəzərdə tutulur. Normativ hüquqi aktların tələblərinin daha aydın başa düşülməsi və nəzarətin gücləndirilməsi məqsədilə inklüziv siniflərin sayı, keyfiyyəti, fərdi təlim planlarının tətbiqi və digər göstəricilər mütəmadi olaraq monitorinq edilir".

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov isə Operativ Media-ya bildirib ki, bu gün ölkəmizdə səhiyyə və sosial qayğıya ehtiyacı olan şagirdlərə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir:



“Dövlətin bu kateqoriyadan olan vətəndaşlara yanaşması xüsusi həssaslıq və məsuliyyətlə müşahidə olunur. Bu istiqamətdə bir sıra mühüm qərarlar qəbul edilmiş, sosial dəstək mexanizmləri yaradılmış və praktiki addımlar atılmışdır.

Eyni zamanda, son illərdə inklüziv təhsilin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. İnklüziv təhsil — tədris prosesində fiziki və ya zehni məhdudiyyətləri olan uşaqların və gənclərin təhsilə bərabər çıxışını təmin etməklə, təhsil imkanlarının əhatə dairəsini genişləndirir.

Bununla belə, xüsusilə regionlarda bu istiqamətdə daha geniş tədbirlərin görülməsinə ehtiyac var.

Əlilliyi və xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsas prioritetlərdən biri olmalıdır.

Belə təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, sosial ədalətin və bərabər imkanların təmininə mühüm töhfə verir”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda inklüziv təhsil sistemi son illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilsə də, əlilliyi olan şagirdlərin təhsilə bərabər çıxışı hələ də tam təmin olunmayıb:

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 3-cü maddəsində qeyd olunur ki, “təhsil hər kəs üçün əlçatandır və ayrı-seçkiliyə yol verilmir”. Bu müddəa BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının 24-cü maddəsi ilə üst-üstə düşür. Həmin maddəyə əsasən, dövlətlər əlilliyi olan şəxslərin digər vətəndaşlarla bərabər əsaslarla inklüziv təhsil hüququnu təmin etməlidir. Azərbaycan 2009-cu ildən bu Konvensiyanın iştirakçısıdır və 2018-ci ildə “İnklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı (2018–2025)” qəbul edilməklə bu istiqamətdə mühüm hüquqi baza formalaşdırılıb. Lakin faktiki vəziyyət göstərir ki, qanunvericilikdə nəzərdə tutulmuş bərabərlik prinsipi hələ praktik sistemə tam çevrilməyib.

Əsas problem sistemin infrastruktur yönünün yetərsizliyidir. Bir çox məktəblərdə panduslar, liftlər, xüsusi sanitar qovşaqları və ya sensor avadanlıqlar mövcud deyil. Əlilliyi olan uşaqların 43 faizi məktəblərə yalnız ailə üzvünün köməyi ilə daxil ola bilir. Halbuki “Tikinti Məcəlləsinin 94-cü maddəsi”ndə açıq şəkildə göstərilir ki, ictimai binalar, o cümlədən təhsil müəssisələri əlilliyi olan şəxslərin sərbəst hərəkətinə uyğunlaşdırılmalıdır. Təəssüf ki, bu normaların icrası çox hallarda formal xarakter daşıyır və texniki layihələrdə “əlçatanlıq” bölməsi kağız üzərində qalır.

İkinci ciddi çatışmazlıq müəllim hazırlığı ilə bağlıdır. Elm və Təhsil Nazirliyinin 2024-cü ilin hesabatına görə, ölkədə fəaliyyət göstərən 150 minə yaxın müəllimdən yalnız 5 faizi inklüziv pedaqogika üzrə ixtisasartırma kursu keçib. Bu isə o deməkdir ki, bir çox müəllimlər fərqli psixoloji, eşitmə, görmə və intellektual xüsusiyyətləri olan uşaqlarla işləmək üçün yetərli nəzəri və praktik bacarıqlara malik deyillər. Beynəlxalq təcrübədə, xüsusilə Finlandiya və Kanadada, müəllim hazırlığının tərkib hissəsi kimi “inklüziv sinif idarəçiliyi” modulu məcburi fənn hesab olunur. Azərbaycanda bu modul pedaqoji fakültələrin yalnız bir neçəsində eksperimental şəkildə tədris edilir.

Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə mühüm addımlar atıb. 2022-ci ildə qəbul edilmiş “İnklüziv Təhsil Strategiyası” çərçivəsində Bakı, Gəncə, Quba, Mingəçevir və Lənkəranda 50 inklüziv resurs mərkəzi yaradılıb. Bu mərkəzlər həm uşaqlara dəstək, həm də müəllimlər üçün metodik yardım funksiyasını yerinə yetirir. Həmçinin, “Rəqəmsal məktəb” platformasında inklüziv təhsil üçün xüsusi onlayn resurslar, nitq və eşitmə çətinliyi olan uşaqlar üçün interaktiv modullar hazırlanıb. 

Lakin yalnız infrastruktur və resurslar deyil, ictimai münasibətlərin dəyişməsi də vacibdir. Bəzi valideynlər hələ də inklüziv siniflərə mənfi yanaşır, bu isə sosial inteqrasiyanı çətinləşdirir. Halbuki inklüzivlik sadəcə “əlilliyi olan uşağı məktəbə gətirmək” deyil, bütün uşaqların birgə öyrənmə və dəyər hissini paylaşma mədəniyyətidir. Estoniyada bu mədəniyyət “Uşaqlar bir-birinə müəllimdir” prinsipi əsasında qurulub və Azərbaycanda da bu model mərhələli şəkildə tətbiq oluna bilər.

Əlilliyi olan uşaqlar üçün bərabər təhsil hüququnun tam təmin olunması bir neçə istiqamətdə tədbirlər tələb edir. Birincisi, fiziki mühitin tam uyğunlaşdırılması — bütün yeni tikilən və təmir olunan məktəblərdə inklüziv standartların icrası ciddi nəzarətə götürülməlidir. İkincisi, müəllim hazırlığı sistemi islahatlar tələb edir; pedaqoji universitetlərdə inklüziv pedaqogika məcburi modul kimi tədris edilməlidir. Üçüncüsü, psixoloji və sosial dəstək sistemi gücləndirilməli, hər məktəbdə psixoloq və sosial işçi tandemi yaradılmalıdır. Dördüncüsü, valideyn maarifləndirilməsi proqramları həyata keçirilməlidir ki, ailələr fərqli uşaqları təhsil mühitindən deyil, təhsil mühitini uşaqlara uyğunlaşdırmaqdan çəkinməsin.

Bu istiqamətdə Nazirliyin apardığı islahatlar artıq müsbət nəticələr verir. “Birlikdə öyrənək” layihəsi çərçivəsində 2024-cü ildə 4000 müəllim inklüziv təhsil üzrə təlim keçib, 100 məktəb isə beynəlxalq ekspertlər tərəfindən “inklüziv məktəb” statusu alıb. Bu, çox mühüm və real nəticədir".

mediad%C4%B1in.jpg

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqaməti üzrə hazırlanıb.

Ayşən Sadıxzadə

Digər xəbərlər