Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” komandası ilə qarşılaşıb.
Azərbaycan çempionu Almaniyada keçirilən ilk oyunda bu rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu. İndi Qurban Qurbanovun komandası həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışmaqla yanaşı, Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparırdı.
Qrupun digər oyununda turnir cədvəlində “Qarabağ”dan bir xal geri qalan “Nant” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Avroliqanın pley-offuna çıxmaq üçün Azərbaycan çempionu Yunanıstandakı matçın nəticəsini gözləməməli, “Frayburq”la qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni etməliydi. Təəssüf ki, hər iki oyunda arzulamadığımız nəticə qeydə alınıb. Yunanıstanda “Nant” qələbə qazanıbsa, “Qarabağ” doğma meydanda cəmi 1 xal qazana bilib. Bu nəticələrdən sonra Fransa təmsilçisi qrup ikinciliyini ələ keçiribsə, Azərbaycan çempionu üçüncü pilləyə enib. Bu isə o deməkdir ki, “Qarabağ” mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.