http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Gürcülərdən öyrənməli olduğumuz dərs

21 Fevral 2023 , 09:53
Gürcülərdən öyrənməli olduğumuz dərs

Bu yaxınlarda qarşıma çıxan maraqlı bir faktı sizinlə bölüşüm. Deməli, Qori müəllimlər seminariyasında təhsil almış Üzeyir Hacıbəyovun seminariyanın arxivində xasiyyətnaməsi saxlanılır. Orada “qabiliyyətlidir, rəftarlıdır, şəkil çəkməyi və kitab oxumağı çox sevir” sözləri ilə yanaşı, 1900-cü ilin 3 dekabrına aid bir qeyd də var. Yazılıb ki, “Üzeyir Hacıbəyov dərsdən kənar öz ana dilində danışdığı üçün tənbeh edilib”. İkinci tənbehdə isə belə yazılıb: “Ü.Hacıbəyov inşa yazısında bildirmişdir ki, arzusu doğma ana dilində hesabdan və coğrafiyadan dərsliklər tərtib etməkdir”. Maraqlıdır ki, bir neçə ildən sonra Üzeyir bəy arzusunu həyata keçirir - hesab dərsliyi və lüğətlər tərtib edir. Sevdiyi yazıçı Qoqolun “Şinel” əsərini Azərbaycan dilinə tərcümə edir. 

Sonralar Azərbaycan musiqisinin ən qüdrətli klassikinə çevrilən Üzeyir bəyin bir vaxtlar öz ana dili uğrunda apardığı mübarizədən qürurlanmamaq əldə deyil. Bu mübarizədə o tək olmayıb. M.F.Axundov, C.Məmmədquluzadə, F.Köçərli, H.Zərdabi, M.Ə.Rəsulzadə və digər ziyalılarımız Azərbaycan dilini qorumaq, yaşatmaq və inkişaf etdirmək üçün çox böyük əmək sərf ediblər. Rəsulzadənin ana dilimizlə bağlı yazılarında qələmə aldığı “milləti hər şeydən artıq dil təmsil edir”, “bir dili öldürmək bir milləti öldürmək deməkdir” və s. kimi cümlələri dilə olan münasibətindən xəbər verir. 

Azərbaycanın tanınmış naşiri Şahbaz Xuduoğlunun dilimizi Türkiyə türkcəsinə dəyişməklə bağlı təklifini oxuyarkən, ziyalılarımızın yuxarıda yazdığım və yaza bilmədiyim böyük mübarizəsini xatırladım. Bu təklif nə qədər əsaslandırılsa da, mənim üçün qəbuledilməzdir. 

"National Geographic" dərgisində yayılan araşdırmaya görə, hər 14 gündə dünyada danışılan bir dil məhv olur. Dilçilərin proqnozlarına görə, yaxın 100 ildə 3500 dil məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu eyni sayda toplumun da digər xalqların içində “əriyib getməsi” deməkdir. Dil məhv olursa, o dildə danışanların mədəniyyəti də, ədəbiyyatı da, adət-ənənəsi də tarixin arxivinə yuvarlanır. 

Mən anlayıram ki, Türkiyə türkcəsinin böyük potensialı var. Ola bilsin daha praktikdir. Bəlkə lüğət tərkibi daha zəngindir. Bu dildə yazmaq böyük auditoriyaya çıxış deməkdir və s. Amma anlamıram ki, illərin süzgəcindən süzülüb gəlmiş Azərbaycan türkcəsini ləğv etmək bizə nə qazandıracaq? Onsuz da Türkiyə türkcəsini xalq olaraq çox yaxşı anlayırıq, danışa və yaza bilirik. Kim istəyirsə, buyurub o dildə yazsın, yaratsın, Türkiyə bazarına çıxsın, uğur əldə etsin, biz də baxaq, fəxr edək. Buna nə mane olur? Bunun üçün mütləq dilimizi ləğv etməkmi lazımdır? Dünyada dili dövlət dili ola bilməyən, öz dillərində təhsilə həsrət qalan çoxlu sayda azlıqlar və çoxluqlar var. Biz də onlardan biri ola bilərdik. Amma bir qrup cəsarətli gəncin, bir ovuc işıqlı insanın əməyi sayəsində müstəqil dövləti olan, dili dövlət dili elan edilən xalqların sırasındayıq. İndi bu nemətin üstündən xətt çəkmək insafdandırmı? Dildə islahatlar aparmaq, dili inkişaf etdirmək, bu dili böyütmək ləğv etməkdən daha yaxşı olmazmı? Bunları yaza-yaza gürcülərin öz dilləri uğrunda apardığı mübarizəni xatırlayıram. 

1977-ci ildə SSRİ-də yeni konstitusiya qəbul olunarkən, gürcü dilinin Gürcüstan SSR-də dövlət dili olmasına dair bir müddəa yox idi. Gürcülər buna səssiz qalmamış, 1978-ci ilin aprelində, Sovet hökumətinin qılıncının dalı-qabağı kəsən vaxtında 10 minlərlə etirazçı Ali Sovetin binası qarşısında aksiya keçirmiş və Kremli gürcü dilinin dövlət dili olması barədə müddəanın Konstitusiyaya daxil edilməsinə razı sala bilmişdilər. 

Gürcüstandan söz düşmüşkən, maraqlı bir faktı da qeyd edim. Müasir gürcü futbolunun istedadlı yetirməsi Xviça Kvaratsxelia İtaliyanın “Napoli” klubunda çox uğurlu bir mövsüm keçirir. O gün baxıram, ingilis futbol şərhçisi Xviçanın vurduğu qoldan o qədər vəcdə gəldi ki, şərhinin sonunda onu doğum günü münasibətilə gürcü dilində təbrik etdi: gilotsav dabadebis dges 

Bəli, ölkəni, onun dilini, mədəniyyətini peşəkarlıqla yaşatmaq, dünyaya tanıtmaq olar. Bəlkə biz də elə bir idmançı, elə bir yazar, elə bir rejissor yetişdirək ki, əcnəbilər məhz onun sayəsində bizim dilə maraq göstərsinlər? Məhz onun sayəsində dilimiz qlobala çıxsın? Məsələnin daha dərin və mükəmməl həlli bu deyilmi? Hər şey güclü təhsildən və dünya səviyyəli kadrlardan başlamırmı? 

Bu gün Beynəlxalq Ana dili günüdür. Söhbət açılmışkən, bu günün tarixini qısaca xatırlatmaqda fayda var. Deməli 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə qətlə yetirilib. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü elan edilib. Bax belə. 

Bəziləri öz dilini canı bahasına qoruyub təşəkkür qazanarkən, bəziləri də öz dilinin ləvğini təklif edərək təəssüf qazanır. Özü də bunu Şahbaz Xuduoğlu kimi dəyərli ziyalıdan eşitmək açığı təəccübləndirdi. İlbər Ortaylı kimi tarixçilər hər zaman Azərbaycan türkcəsinə heyranlığını bildirdiyi halda, bizim öz dilimizdən imtinamızın heç bir əsaslandırılmış səbəbi və ya məqsədi ola bilməz, olmamalıdır. 

Bu dili ləğv etmək yox, böyütmək, arealını genişləndirmək və yaşatmaq lazımdır. Sevincin, kədərin, yumorun, futbolun, nə bilim müxtəlif şeylərin ortaq dili var. Bütün dünyada aşağı-yuxarı eyni cür anlaşılır. Amma ana dili səninkidir. Sənin olana sahib çıx ki, sən də var olasan!

Rahil Sayadoğlu Operativ Media üçün.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev: Müharibə cinayətləri törətmiş bəzi şəxslər Ermənistanda məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır

İlham Əliyev: Müharibə cinayətləri törətmiş bəzi şəxslər Ermənistanda məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır

Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır

Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır

Dövlət Komissiyasının sədri: Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Dövlət Komissiyasının sədri: Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

XƏBƏR LENTİ
  • 14:14

    Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq
  • 14:04

    Qurban Qurbanov: "Musadan "Malmö" haqqında bir şeylər soruşmuşam"
  • 14:02

    “Chaputs Textile” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 13:59

    Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı
  • 13:45

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
  • 13:36

    Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var
  • 13:30

    Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik
    Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik
  • 13:26

    İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır
    İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır
Menyu