Ermənistan yalnız Azərbaycanın icazə verdiyi şəxsi Bakıya səfir təyin edə biləcək - DETALLAR

Nərmin Qocamanova
Ermənistan yalnız Azərbaycanın icazə verdiyi şəxsi Bakıya səfir təyin edə biləcək - DETALLAR

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında diplomatik münasibətlərin qurulması məsələsi, bu yaxınlarda Vaşinqtonda paraflanmış “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişlə tənzimlənəcək. Həmin sazişin 5-ci maddəsi məhz iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı məsələləri əhatə edir. Orada göstərilir ki, sazişin imzalanmasından sonra onun ratifikasiyası baş tutacaq. Ratifikasiya prosesi hər iki ölkənin parlamentində həyata keçirilir. Ratifikasiya sənədlərinin mübadiləsindən sonra Sazişdə müəyyən edilmiş konkret müddət ərzində diplomatik münasibətlər rəsmən qurulacaq. Bu müddət paraflanmış saziş layihəsində hələki ictimaiyyətə açıqlanmamışdır".

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Rizvan Nəbiyev: Paşinyanın yeni açıqlaması bir daha göstərdi ki, Minsk Qrupunun mandatı de -yure ləğv edilməlidir şəkil

Deputatın sözlərinə görə, sənədlərin mübadiləsindən sonra tərəflər qarşılıqlı olaraq Bakı və İrəvanda öz diplomatik nümayəndəliklərini təsis edəcəklər:

"Diplomatik nümayəndəliklərin təsis edilməsi və səfirliklərin açılması isə 1961-ci il Diplomatik Münasibətlər Haqqında Vyana Konvensiyası ilə tənzimlənir. Burada vacib məqamlardan biri səfirliklərin heyət tərkibinin müəyyən edilməsi və onların təhlükəsizliyinin təmin olunması məsələsidir. Bu da hüquqi əsas kimi Vyana Konvensiyasına uyğun şəkildə həyata keçirilməlidir".

Rizvan Nəbiyev Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasından sonra səfirlərin təyin edilməsi prosesindən danışıb:

"Çox mühüm məsələlərdən biri isə səfirin təyin edilməsidir. Diplomatik missiyanın başçısı təyin olunacaq səfir üçün qəbul edən dövlətin aqreman verməsi tələb olunur. Bu o deməkdir ki, Ermənistanın Azərbaycana təyin edəcəyi səfir namizədinə Azərbaycan tərəfi rəsmi razılıq verməlidir. Burada xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətdə, separatizmin təşkilində və ya başqa qanunsuz fəaliyyətlərdə iştirak etmiş şəxslərə Azərbaycan tərəfi qəti şəkildə aqreman verməyəcək. Yəni İrəvanın təyin edəcəyi səfir indiyədək Azərbaycana qarşı beynəlxalq hüquqa, milli qanunvericiliyə və tərəflərarası münasibətlərin normalarına zidd heç bir fəaliyyət göstərməmiş olmalıdır.

Azərbaycan tərəfi rədd cavabı verərsə bunun səbəbini izah etməyə borclu deyil. Vyana Konvensiyası qəbul edən dövlətin rədd qərarını əsaslandırmaq öhdəliyini nəzərdə tutmur. Eyni şərtlərə Ermənistan tərəfi də əməl etməlidir.

Digər mühüm məsələ isə səfirliklərin təhlükəsizliyinin təmin olunmasıdır. Vyana Konvensiyasına görə, qəbul edən dövlət bu məsuliyyəti öz üzərinə götürür. Məsələn, Ermənistan Respublikasının Bakıda fəaliyyət göstərəcək səfirliyinin təhlükəsizliyini Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları təmin edəcək. Qarşılıqlı olaraq Azərbaycan səfirliyinin təhlükəsizliyini Ermənistan tərəfinin müvafiq qurumları təmin edəcək.

Bütün bu proseslər müəyyən vaxt tələb etsə də, bunlar post-münaqişə dövründə dövlətlərarası münasibətlərin normallaşması prosesində baş verəcək mühüm mərhələlərdən biridir".

Digər xəbərlər