http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

“Anar Rzayev orta əsrlərdə yaşamış olsaydı” – Rahil Sayadoğlunun yazısı

29 Oktyabr 2022 , 17:32
“Anar Rzayev orta əsrlərdə yaşamış olsaydı” – Rahil Sayadoğlunun yazısı

Tələbəlik illərimizdə dramaturq Əli Əmirli bizə dərs deyirdi. O, dərslərin birində Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi "Messenat" əsəri haqda danışarkən deyirdi ki, "Əslində Hacının həyatında çox da təbliğ olunmayan neqativ faktlar var. Başqa sözlə desək, onun adına xələl gətirəcək müəyyən əməlləri olub. Lakin mən Tağıyev mifini dağıtmamaq üçün əsərimdə o faktlara yer vermədim".

Tarixdə belə nümunələr çoxdur. Əsrlər öncə yazıb-yaratmış, ortaya sənət əsəri qoymuş, müxtəlif sahələrdə ad-san qazanmış dahilərin şəxsi həyatında bilinən və bilinməyən xeyli mənfi əməlləri olub. Onların böyük əksəriyyəti ya günümüzə kimi gəlib çatmayıb, ya da çox da təbliğ edilməyib. Məsələn, Fransa imperatoru Napoleon Bonapart saraydaxili iclasların birində görkəmli dövlət adamı, dönəmin Xarici işlər naziri olmuş Taleyranı hamının içində çox kobud formada danlayıb, təhqir edib. Taleyran salonu tərk edərkən böyük məyusluqla "bu cür böyük şəxsiyyət çox pis tərbiyə alıb" sözlərini dilə gətirib. Bu hadisə bu gün yaşanmış olsaydı, bəlkə də indi Napoleonun səs yazısı yayılmış, Taleyran “facebook”da böyük bir post paylaşaraq imperatoru biabır etmişdi. Yaxud kim bilir, bəlkə də Nizaminin, Füzulinin kiməsə qarşı yersiz hərəkətləri, epizodik pis əməlləri olub. Axı biz onların həyatının hər anından xəbərdar deyilik. Bizə onların daha çox əsərləri gəlib çatıb. Bəlkə də bu gün yaşasaydılar, haqlarında sosial şəbəkələrdə arzuolunmaz paylaşımlar görə bilərdik. Amma heç vaxt görməyəcəyik. Onların adları ətrafında yaranmış mif heç vaxt dağılmayacaq.

İndi isə dövr dəyişib. İndi sosial medianın hər şeyi tam çılpaqlığı ilə üzə çıxardığı bir vaxtda kiminsə yalnız müsbət tərəflərini təbliğ etmək çox çətindir. Hətta o adam həyatdadırsa, ictimai şəxsdirsə və üstəlik Azərbaycanda yaşayırsa, ümumiyyətlə mümkün deyil. İndi tanınmış şəxslərin, ictimai fiqurların adları ətrafında yaranan mifi bir çox hallarda elə özləri dağıdırlar. Hansısa yanlış hərəkətləri və ya ehtiyatsız ifadələri ilə.

Təxminən 10 il əvvəl portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo sərt tənqidlər qarşısında belə demişdi: “Hətta İsa belə hamının xoşuna gəlmir, qalmışdı ki mən”. 

Bəli. Hətta İsanın, Məhəmmədin peyğəmbərlik mifinin dağıldığı bir dövrdə yaşayırıq. Bu gün ən uğurlu, ən maraqlı, hətta ən xeyirxah insanlar belə bu və ya digər mövzularda sosial şəbəkələrdə çox rahatlıqla qınanır, tənqid olunur, sözlə “qılıncdan keçirilir”. Bunları yaza-yaza şübhəsiz ki, yazımın axarı məni ədəbiyyat sahəsindəki son hadisələrə gətirib çıxarır.

Mən əminəm ki, xalq yazıçısı Anar Rzayevin unudulmaq qorxusu yoxdur, olmamalıdır. O, həmişə anılacaq. Çünki bütün haqlı-haqsız tənqidlərin fövqündə dayanan bir ədəbi çəkisi var. Bunu heç kim dana bilməz. Lakin bir qərinədən çox AYB-nin sədrlik postunda qalması onu haqlı olaraq tənqid hədəfinə çevirir. Anar kimi keyfiyyətli ədəbi portfoliosu olan yazıçının “ədəbiyyat məmuru” adlandırılmasına gətirib çıxarır. O böyüklükdə yazıçının "5 il də sədr olum, sonra kimi istəsəz seçərsiniz" deməsi sizi bilmirəm, məni kədərləndirir. Miskin mənzərədir. Könüllərdə taxt qurmuş adamın kabinet taxt-tacına nə ehtiyacı var ki. Özü də ömrün bu yaşında. Yaxud sədrlik, prezidentlik statusu bu qədər önəmlidirsə, belə də etmək olardı: Anar Rzayev AYB-nin fəxri prezidenti statusuna yiyələnir, quruma isə yeni sədr seçilir. Axı belə presedentlər dünyada var. Bununla yazıçı həm qurumun fəxri rəhbəri olaraq görüləsi işlərinə nəzarət edir, həm də postunu tərk edərək tənqidlərdən azad olur. Bu daha diplomatik gediş olmazdımı? Elə hər iki mənada “gediş”.

Amma bu baş vermədi, əvəzində gözlənilən oldu. Daha sonra qələm ustadı mediaya açıqlamasında hirsini gizlədə bilməyərək mətbuatın zəhərini udmağa məcbur olmasından danışdı. Hörmətli yazıçımız orta əsrlərdə yaşamış olsaydı, heç bu qədər “asılıb-kəsilməzdi”, mətbuatın da zəhərini udmağa məcbur olmazdı. Amma tale elə gətirdi ki, onun 35 illik sədrlik dönəminin son 10-12 ili sosial şəbəkələrin qılıncının dalının-qabağının kəsən vaxtına düşdü. Ona görə də Anar Rzayev mifini qorumaq, deyərdim ki, mümkün olmadı.

Bunları yaza-yaza müəllifin “Sizsiz” romanını xatırladım. Mən onu 15 il əvvəl böyük zövqlə oxumuşam. O, bu əsərində ata-anası ilə doyunca vaxt keçirə bilməməyin peşmanlığını qələmə alıb. Sonda yanılmıramsa, belə bir qənaətə də gəlib ki, dünyada ən kədərli şey düzgün başa düşülməməkdir. Əslində həmişə eşitmişik ki, “ən böyük dərd anlamaq dərdidir. Anlamasan yaşamağa nə var ki”. Amma sən demə doğru anlaşılmamaq, səhv başa düşülmək ondan da ağır imiş. Bilmirəm, Anar müəllim, bəlkə də biz sizi düz anlaya bilmirik. Bəlkə də əslində belə olmalıdır, doğru olan budur. Bəlkə də həqiqəti bir gün sizin yoxluğunuzda, sizsiz daha dəqiq biləcəyik. Sizin “Sizsiz”də keçirdiyiniz peşmanlığı onda da biz keçirəcəyik. Kim bilir…

Rahil Sayadoğlu | operativmedia.az

OXŞAR XƏBƏRLƏR
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2

Sahibə Qafarova VII çağırış Milli Məclisin sədri seçilib

Sahibə Qafarova VII çağırış Milli Məclisin sədri seçilib

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:54

    Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb
  • 20:47

    Netanyahu Livan xalqına müraciət edib
  • 20:38

    Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
  • 20:08

    “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  • 19:58

    IDF: İsrail Müdafiə Qüvvələri Beyruta məqsədli zərbə endirib
  • 19:54

    Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
  • 19:43

    Pezeşkian: Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazırıq
Menyu