Artıq 10 gündən çoxdur ki, Azərbaycanda ali və ümumtəhsil məktəblərində tədris dayanıb. Xüsusilə səhər saatlarında paytaxtdakı bir çox məktəblərin qarşısında tıxac müşahidə edilirdi. Eyni zamanda 10 minlərlə tələbənin axın etdiyi universitetlərin yerləşdiyi ərazilər və bu ali təhsil ocaqlarına aparan yollarda da sıxlıq adi hala çevrilmişdi. Bir çox sürücü məktəblərin bağlanması ilə sıxlığın azalacağını düşünürdü, amma, demək olar ki, tıxac əvvəlki qaydada qalıb.
"Operativ Media" ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev problemin kökünün yanlış qiymətləndirilmədə olduğunu bildirib.
Ekspertin fikrincə, şəhərin daha çox sərnişin daşıyan nəqliyyat növlərinin maneəsiz və keyfiyyətli hərəkəti təmin edilməlidir:
"Mobillik məsələsi geniş və çoxşaxəli mövzudur. Fərqli spektrlar üzrə həlləri var. Tələbimiz var, təklifimiz yoxdursa bu özünü sıxlıq problemi kimi göstərəcək. Bizim tələbimiz var amma təkliflərə baxaq. Şəhərin daha çox sərnişin daşıyan nəqliyyat növlərinin vəziyyəti nə yerdədir? Fərdi nəqliyyat vasitələrinin daha çox hərəkətinə səbəb olacaq və yol şəbəkəsinin tıxanmasına səbəb olacaq".
Rauf Ağamirzəyevin sözlərinə görə, konkret qərarlar verilməsə, məktəblərin bağlı olmasının və ya açıq olmasının sıxlğın az və ya çox olmasına heçbir təsiri olmayacaq.
"İndiki halda mərhələlər üzrə radikal qərarlar verilməlidir. Birinci ayrılmış avtobus zolaqlarına sərt nəzarət tədbirləri olmalıdır. İkincisi zona saatlıq parkinq sistemidir. Mikromobillik vasitələri üçün də şərait yaradılmalıdır. Mövcud yol şəraitindən istifadə edərək zolaqları sıxıb digər sahədə velosiped zolaq şəbəkəsi təşkil etməklə skuter və velosipedin hərəkətini təmin etmək olar. Bu da bir qrup insanın bu növ vasitələrlə mobilliyini təmin edəcək və qismən sıxlığın parçalanmasına səbəb olacaq. Bu qərarlar verilməsə, bugünkü vəziyyət hiss olunan və kökündən dəyişməyəcək. Məktəb yoxdur, dənizə gedən, işə gedənlər var. Deməli digər tərəfdən sıxlıq var. Bunları idarəetmək üçün komfortlu, keyfiyyətli, dayanıqlı ictimai nəqliyyat olmalıdır. Həm növ olaraq, həm birindən digərinə keçid olaraq, həm onlara getmək üçün səki olaraq."
Ekspertin fikrincə problemin aradan qaldırılması üçün vaxtında tədbirlər görülməsə qarşıda vəziyyət daha da pis olacaq. Çünki insanların kəndlərdən şəhərə axını davam etməkdədir.
"Bu mobilliyi kökündən həll etməliyik. Yanlış ritorikaya uymamalıyıq. Qarşıdakı on illikdə şəhərlərdə insanlar daha da sıx yaşayacaq. Bu bütün dünyada yaşanan tendensiyadır. Ona görə də bu amillərin hamısını nəzərə almaq lazımdır." deyə Rauf Ağamirzəyev bildirib.