http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı təsdiqlənib

28 Avqust 2023 , 15:46
Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı təsdiqlənib

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur:

1. Qısa xülasə

XXI əsrin ilk illərindən etibarən Azərbaycan Respublikasında dayanıqlı sosialiqtisadi inkişafı stimullaşdıran genişmiqyaslı islahatlar reallaşdırılmış, çətin həyat şəraitində olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edən sosial xidmət sisteminin yaradılması və müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əhatəli işlər görülmüşdür. Azərbaycan Respublikasının ratifikasiya etdiyi bir sıra beynəlxalq sənədlərin və milli qanunvericiliyin müvafiq müddəalarında mütərəqqi sosial xidmət sisteminin yaradılması, sosial xidmətlərin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması kimi əhəmiyyətli məsələlərin həlli nəzərdə tutulmuşdur. Bu məqsədlə növbəti mərhələdə sosial xidmət sisteminin təkmilləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində dövlət siyasətini müəyyən edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır. Dövlət Proqramı Azərbaycan Respublikasının sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən edir. Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur.

2. Qlobal trendlər

Birləşmiş Millətlər Təşkilatının (bundan sonra – BMT) Əhali Fondunun hesablamalarına əsasən, 2050-ci ildə dünya əhalisinin sayının daha 2 milyard nəfər artaraq 9,7 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Son onilliklər ərzində tibbin inkişafı, səhiyyə xidmətlərinin keyfiyyətinin artması nəticəsində dünyada insanların sağlamlıq və uzunömürlülük səviyyəsi yüksəlmiş, ümumilikdə dünya əhalisinin yaş strukturunda ahıl şəxslərin sayı əvvəlki dövrlərə nisbətən xeyli artmışdır. Lakin son dövrlərdə dünyada baş verən bir sıra mənfi proseslər insanların bir qisminin həyat səviyyəsinə, sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərmiş, onların sosial təhlükəli vəziyyətə düşmələrinə səbəb olmuşdur. Son illərdə Azərbaycan Respublikasında əhalinin etibarlı sosial müdafiəsi istiqamətində mühüm işlər görülmüşdür. Eyni zamanda, Azərbaycan Respublikası müxtəlif səbəblərdən çətin həyat şəraitinə düşmüş insanların sosial müdafiəsinin təmin edilməsi məqsədilə aidiyyəti beynəlxalq və regional təşkilatlar, müxtəlif qurumlar tərəfindən qəbul edilmiş bir sıra dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilə və sazişlərə qoşulmuşdur. Bu da insan hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların sosial hüquqlarının qəbul olunmuş beynəlxalq prinsip və normalar əsasında reallaşdırılmasına təminat vermişdir. Bundan əlavə, XXI əsrin destruktiv texnoloji, sosioloji və digər çağırışları, qlobal rəqabətin bütün müstəvilər üzrə kəskinləşməsi trendləri innovativ üsullara və insan kapitalına söykənən müasir sosial təminat sisteminin tətbiq edilməsi məsələlərini önə çıxarmışdır ki, burada əsas məqsəd başqa sahələrdə olduğu kimi əhalinin sosial müdafiəsi sahəsində də rəqabət aparmaq imkanlarına malik, müasir çağırışlardan sığortalanmış dayanıqlı sosial sistemin qurulmasıdır. 2015-ci ilin sentyabr ayında keçirilmiş BMT-nin Dayanıqlı İnkişaf Sammitində Azərbaycanın da iştirak etdiyi BMT-nin üzvü olan dövlətlər tərəfindən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” qəbul edilmiş, Gündəlikdə irəli sürülən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün imkanları səfərbər etməklə, “heç kəsi kənarda qoymamaq” prinsipinə əsaslanaraq insan həyatının və fəaliyyətinin bütün istiqamətlərində, o cümlədən yoxsulluğun azaldılması və sosial təminat sahəsində mövcud olan problemlərin aradan qaldırılması üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə edilmişdir. Beləliklə, həm Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasət, həm müvafiq sahədə ratifikasiya edilmiş beynəlxalq sənədlərin müvafiq müddəaları, həm də qlobal çağırışlar əhalinin daha keyfiyyətli sosial xidmətlərlə təmin olunmasını, bu sahədə yüksəkixtisaslı kadr potensialının yaradılmasını, sosial xidmət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini və innovativ texnologiyaları tətbiq etməklə, sosial xidmət sisteminin də müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur.

3. Azərbaycan Respublikasında sosial xidmət sisteminin mövcud vəziyyəti

Son illərdə həyata keçirilmiş uğurlu sosial siyasət nəticəsində həssas əhali qruplarından olan (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, bu səbəbdən sosial xidmət müəssisələrində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər, əlilliyi olan uşaqlar, baxımsızlığa və sosial təhlükəli vəziyyətə məruz qalmış, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslər, insan alveri qurbanları və belə risklə üzləşən şəxslər, məişət zorakılığından zərər çəkmiş şəxslər, müəyyən yaşayış yeri olmayan, sosial yadırğama və sosial məhrumiyyət vəziyyətində olan və s.) şəxslərin sosial xidmətlərlə təminatında mühüm nailiyyətlər əldə edilmiş, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasından ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində çətin həyat şəraitində olan vətəndaşların daha münasib həyat şəraitinə qayıtması imkanları artmışdır. Sosial-iqtisadi həyatın bütün sahələrində aparılan islahatlar nəticəsində sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi davamlı olaraq genişləndirilmişdir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlu, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə inteqrasiya olunmalarının təmin edilməsidir. Çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən olunması və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi məqsədilə qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun icra mexanizmlərinin müəyyən edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlar (“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”, “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”, “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası” və s.) qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikasında çoxspektrli sosial xidmətlər sistemi formalaşmış və bu sistem həmin şəxslərin məruz qaldıqları çətin həyat şəraitindən müdafiəsinə, sosial reabilitasiyalarına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarının təmin edilməsinə yönəldilmişdir. Ötən dövrdə sosial xidmət müəssisələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müəssisələrin strukturlarının müasir tələblərə uyğunlaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, yeni sosial xidmət müəssisələri (uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi və s.) yaradılmışdır. Ahıl şəxslərə dövlət qayğısının artırılması istiqamətində tədbirlər davam etdirilmiş, onların sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı zəruri işlər görülmüşdür. Hər bir cəmiyyətdə uşaqların sosial müdafiəsi, sağlam və firavan böyüməsi, fiziki və mənəvi inkişafı üçün həyata keçirilən siyasət həmin cəmiyyətin ümumi inkişafının əsas keyfiyyət göstəricilərindən biri hesab edilir. Sivil və ümumbəşəri dəyərləri daim yüksək tutan Azərbaycan Respublikası da uşaqların münasib şəraitdə böyüyərək tərbiyə olunmaları və onların layiqli vətəndaş kimi formalaşmalarının təmin edilməsi sahəsində fəal siyasəti ilə fərqlənir. Hazırda Azərbaycan Respublikasının ixtisaslaşdırılmış sosial xidmət müəssisələri tərəfindən uşaqların münasib yaşayış şəraiti, sığınacaq və reinteqrasiya xidmətləri ilə təmin edilməsi, təhsilin və peşə hazırlığının, sosial reabilitasiyasının təşkili, onlara hüquqi, psixoloji yardımın göstərilməsi və digər tədbirlər həyata keçirilir. Uşaqlarla bağlı dövlət siyasətinin əsas hədəflərindən biri uşaq müəssisələrində yaşayan uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, eyni zamanda onların stasionar uşaq müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsidir. Uşaq müəssisələrinə düşmək riski olan 3234 uşaq müxtəlif şəhər və rayonlarda təşkil edilən günərzi qayğı mərkəzlərində xidmətlərə cəlb olunmuş, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı ilə bağlı 2006–2015-ci illər üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, eləcə də sonrakı dövr üzrə fəaliyyət nəticəsində 879 uşaq ailələrinə qaytarılmışdır. Əlilliyi olan uşaqların digər ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili diqqətdə saxlanılmış, ötən dövrdə bu kateqoriyadan olan 386 uşağın xarici ölkələrdə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilmişdir. Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunu olan gənclərin yaşayış problemlərinin həlli ilə bağlı ciddi tədbirlər görülmüş, bu məqsədlə çoxmənzilli binalar inşa edilərək həmin kateqoriyadan olan 590 gəncin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasında məişət zorakılığına qarşı mübarizənin kompleks şəkildə həyata keçirilməsi, məişət zorakılığının profilaktikası məqsədilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun icrası ilə əlaqədar məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını həyata keçirən komissiya yaradılmış və həmin komissiya tərəfindən 10 qeyri-dövlət yardım mərkəzi akkreditə edilmişdir. Bu mərkəzlərdə zorakılıqdan zərər çəkmiş 1814 şəxsə sosial, psixoloji, hüquqi, ilkin tibbi yardım, səhiyyə müəssisələrinə yönləndirmə xidmətləri göstərilmiş, ehtiyacı olanlar müvəqqəti sığınacaqlarla təmin edilmişlər. Qloballaşan dünyanın əsas problemlərindən olan insan alveri ilə mübarizədə müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə və qurbanlara göstərilən dövlət dəstəyinin artırılması nəticəsində son illərdə Azərbaycan Respublikasında insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalmış, 1223 insan alveri qurbanı və risk qrupuna daxil olan şəxsin sosial reabilitasiyası istiqamətində müvafiq tədbirlər görülmüşdür. İnsan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilmiş, Azərbaycan Respublikasına gələn və ya Azərbaycan Respublikasından gedən şəxslərin bu və ya digər şəkildə insan alverinin qurbanı olmaq, məcburi əməyə cəlb edilmək təhlükəsindən qorunmaq yolları barədə məlumatlandırılması təmin edilmişdir. Sosial xidmət sisteminin daha bir istiqaməti penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial müdafiəsi və sosial adaptasiyası ilə əlaqədar tədbirlərin təşkilidir. Hazırda cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının 4 misli məbləğində birdəfəlik müavinət ödənilir, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kimi məşğulluqlarının təmin olunması və cəzaçəkmə müddəti başa çatmaq ərəfəsində olan şəxslərin peşə hazırlığının təşkili tədbirləri həyata keçirilir. 2018-ci ildən fəaliyyətə başlayan penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi tərəfindən bu kateqoriyadan olan şəxslərin sosial adaptasiyası, qanuni mənafelərinin qorunması, onlara hüquqi, sosialpsixoloji, sosial-məsləhət yardımının göstərilməsi, həmçinin həmin kateqoriyadan olan və müəyyən yaşayış yeri olmayan şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin edilməsi üçün kompleks xidmətlər göstərilir. Sosial xidmət sahəsində dövlət sifarişlərinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına verilməsi nəticəsində 482 layihə icra edilmiş, layihələr çərçivəsində ümumilikdə 35 mindən artıq çətin həyat şəraitində olan şəxsə və onların ailələrinə sosial-psixoloji, sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, sosial-məsləhət yardımı göstərilmiş, sosial reabilitasiya və müalicələrinin təşkili, reinteqrasiya xidmətlərinin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasında demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir. 2000-ci ildə əhalinin sayı 8032,8 min nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 10156,4 min nəfərə çatmışdır. Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir etmişdir. Həmçinin orta ömür uzunluğunun artması əhalinin yaş strukturunda ahıl şəxslərin payının artmasını şərtləndirmişdir. Azərbaycan Respublikasında ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatmışdır. Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınmışdır. Eyni zamanda, əlilliyi müəyyən edilmiş şəxslərin (o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin) sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlmişdir. Azərbaycan Respublikası üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərmişdir. Qeyd edilənlərə əsasən son illərdə əhaliyə göstərilən sosial xidmətlərin həcminin və sosial xidmətlərdən yararlananların sayının ilbəil artmasına baxmayaraq, bu xidmətlərə olan tələbat daha yüksək templə artmaqdadır. Təqdim olunan sosial xidmətlərin keyfiyyəti, effektivliyi, əlçatanlığı və digər məsələlər üzrə, ümumilikdə isə sosial xidmət sisteminin inkişafına nail olunması məqsədilə Dövlət Proqramının bir sıra prioritet istiqamətləri müəyyən edilmişdir.

4. Dövlət Proqramının həyata keçirilməsinin hədəf göstəriciləri

4.1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sisteminin inkişafında aşağıdakılara nail olunacaqdır: 4.1.1. hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin formalaşması; 4.1.2. çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətin əhatəsinin genişlənməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması; 4.1.3. sosial xidmətlərin ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi; 4.1.4. sosial xidmət sahəsində ixtisaslı kadr potensialının formalaşması.

5. Dövlət Proqramının məqsədləri

5.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır: 5.1.1. sosial xidmət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və sosial xidmətin göstərilməsinə nəzarət mexanizminin müəyyən edilməsi; 5.1.2. sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) arasında əlaqələrin genişləndirilməsi; 5.1.3. sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkili və maddi-texniki bazasının təkmilləşdirilməsi; 5.1.4. mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə sosial xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; 5.1.5. uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi; 5.1.6. sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, sosial xidmət sahəsində dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi; 5.1.7. sosial xidmət sistemində insan resurslarının inkişafı və təminatı.

6. Dövlət Proqramının prioritet istiqamətləri

6.1. Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasında sosial xidmət sisteminin inkişafının təmin edilməsi üçün müvafiq işlər aşağıdakı prioritet istiqamətlər üzrə həyata keçiriləcəkdir: 6.1.1. sosial xidmət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və sosial xidmət göstərilməsinə nəzarət mexanizminin müəyyən edilməsi: 6.1.1.1. Əsaslandırma: Çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədlərinə nail olmaq üçün qabaqcıl təcrübədən yararlanmaqla normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsinə ehtiyac vardır. Sosial xidmət sisteminin səviyyəsini şərtləndirən başlıca amil göstərilən sosial xidmətlərin keyfiyyəti və səmərəliliyi olduğu üçün bütün bunların mütəmadi nəzarətdə saxlanılması zəruridir; 6.1.1.2. Görüləcək tədbirlər: 6.1.1.2.1. sosial xidmət sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; 6.1.1.2.2. sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsi; 6.1.1.3. Gözlənilən nəticə və nəticə indikatorları: 6.1.1.3.1. sosial xidmət sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələri hazırlanacaq və aidiyyəti dövlət orqanına (qurumuna) təqdim olunacaqdır; 6.1.1.3.2. sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsi hazırlanacaq və aidiyyəti dövlət orqanına (qurumuna) təqdim olunacaqdır; 6.1.1.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: 6.1.1.4.1. aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin göstərilməsi sahəsində bir sıra qanunvericilik akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur; 6.1.2. sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) arasında əlaqələrin genişləndirilməsi: 6.1.2.1. Əsaslandırma: Sosial xidmətlərin koordinasiyalı və kompleks şəkildə təqdim olunması, inzibatçılığın və əlaqələndirmə işlərinin daha da güclənməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə ehtiyac vardır; 6.1.2.2. Görüləcək tədbirlər: 6.1.2.2.1. sosial xidmət sahəsində fəaliyyətinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrindən ibarət Koordinasiya Şurasının yaradılması və fəaliyyətinin təşkili; 6.1.2.2.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə birgə tədbirlərin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi; 6.1.2.3. Gözlənilən nəticə və nəticə indikatorları: 6.1.2.3.1. çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin təşkili ilə bağlı həyata keçirilən fəaliyyətin sistemliliyi, operativliyi və səmərəliliyi artacaqdır; 6.1.2.3.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası prosesinin həyata keçirilməsində sistemlilik, operativlik və səmərəlilik artacaqdır; 6.1.2.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: 6.1.2.4.1. Koordinasiya Şurası yaradılarkən və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə birgə tədbirlər həyata keçirilərkən aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur; 6.1.3. sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkili və maddi-texniki bazasının təkmilləşdirilməsi: 6.1.3.1. Əsaslandırma: Yeni yaradılacaq dövlət sosial xidmət müəssisələrində fəaliyyətin təşkilinə, həmçinin mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə sosial xidmət müəssisələrinin mövcud infrastruktur təminatının yaxşılaşdırılmasına, habelə müəssisələrin maddi-texniki təminatının və reabilitasiya prosesinin müasir beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlərin görülməsinə ehtiyac vardır. Həmçinin uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, həmin müəssisələri tərk etmiş və yaşayış yeri olmayan məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi zəruridir; 6.1.3.2. Görüləcək tədbirlər: 6.1.3.2.1. dövlət sosial xidmət müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və həmin müəssisələrdə reabilitasiya şəraitinin müasir beynəlxalq təcrübəyə uyğun təşkili məqsədilə tədbirlər görülməsi; 6.1.3.2.2. uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yaşayış yeri olmayan məzunlarının yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi; 6.1.3.3. Gözlənilən nəticə və nəticə indikatorları: 6.1.3.3.1. dövlət sosial xidmət müəssisələrinin (o cümlədən yeni yaradılan müəssisələrin) infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcəkdir; 6.1.3.3.2. uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcəkdir; 6.1.3.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: 6.1.3.4.1. sosial xidmət müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və reabilitasiya şəraitinin müasir beynəlxalq təcrübəyə uyğun təşkili, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş və müəyyən yaşayış yeri olmayan məzunlarının yaşayış sahəsi ilə təmin edilməsi ilə əlaqədar tədbirlər görülməsi üçün kifayət qədər maliyyə vəsaitinə və maddi-texniki təchizata ehtiyac vardır ki, həmin ehtiyacların qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Bu məqsədlə, Dövlət Proqramının 7-ci hissəsində əks olunmuş mənbələr hesabına maliyyələşdirilmənin aparılması üçün aidiyyəti tədbirlər görülə bilər; 6.1.4. mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə sosial xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi: 6.1.4.1. Əsaslandırma: Hazırda Azərbaycan Respublikasında mövcud olan sosial xidmət sistemi şəxslərin (ailələrin) çətin həyat şəraitinə düşməsinin səbəblərinin əvvəldən müəyyən edilərək aradan qaldırılmasına deyil, artıq baş vermiş halların korreksiyasına yönəldilmişdir. Beynəlxalq təcrübədən yararlanaraq insanların çətin həyat şəraitinin yaranma riskinin erkən mərhələlərdə müəyyən edilərək sosial müdaxilə və müvafiq sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə qarşısının alınması mexanizmlərinin müəyyən edilməsinə və tətbiqinə ehtiyac vardır; 6.1.4.2. Görüləcək tədbirlər: 6.1.4.2.1. çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması məqsədilə beynəlxalq təcrübənin, innovativ texnoloji həllərin öyrənilməsi və tətbiqi ilə əlaqədar tədbirlər görülməsi; 6.1.4.2.2. əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasında tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi; 6.1.4.2.3. əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; 6.1.4.2.4. çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin aparılması zamanı tətbiq olunan “Sosial işin idarə edilməsi” (“Keys menecment”) sistemi ilə bağlı sosial işçilərin hazırlığının təşkili; 6.1.4.2.5. “Sosial işin idarə edilməsi” sisteminin elektron versiyasının yaradılması və çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin bu sistem vasitəsilə aparılmasının təmin edilməsi; 6.1.4.2.6. ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi; 6.1.4.2.7. ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin görülməsi; 6.1.4.2.8. Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanlarının araşdırılması; 6.1.4.3. Gözlənilən nəticə və nəticə indikatorları: 6.1.4.3.1. risk qrupunda olan şəxslərin (ailələrin) müəyyən edilərək çətin həyat şəraitinə düşməsinin qarşısının alınması ilə bağlı beynəlxalq təcrübənin və innovativ texnoloji həllərin tətbiqi təmin ediləcəkdir; 6.1.4.3.2. Azərbaycan Respublikasının 4 şəhər və rayonunda mobil xidmət mərkəzləri vasitəsilə azı 200 nəfər əlilliyi müəyyən edilmiş və 150 nəfər ahıl şəxsə mobil xidmətlərin göstərilməsi təmin ediləcəkdir; 6.1.4.3.3. əhalinin mövcud sosial xidmətlər haqqında məlumatlılığı artacaqdır; 6.1.4.3.4. 200 sosial işçi üçün “Sosial işin idarə edilməsi” sisteminin aparılması ilə bağlı təlim keçiriləcəkdir; 6.1.4.3.5. bütün kateqoriyalardan olan çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılması təmin ediləcəkdir; 6.1.4.3.6. mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunacaqdır; 6.1.4.3.7. Azərbaycan Respublikasının 6 şəhər və rayonunda ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələr həyata keçiriləcəkdir; 6.1.4.3.8. Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının və ya onun ayrı-ayrı fəsillərinin ratifikasiya edilməsinin mümkünlüyünə dair yekun hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəkdir; 6.1.4.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: 6.1.4.4.1. əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmət mərkəzlərinin yaradılması, mövcud sosial xidmətlər haqqında əhali arasında ictimai məlumatlandırma tədbirlərinin həyata keçirilməsi, sosial işçilər üçün mütəmadi təlimlərin təşkili məqsədilə maliyyə vəsaitinə və digər texniki təchizata ehtiyac vardır ki, həmin ehtiyacların qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Bu məqsədlə, Dövlət Proqramının 7-ci hissəsində əks olunmuş mənbələr hesabına maliyyələşdirilmənin aparılması üçün aidiyyəti tədbirlər görülə bilər; 6.1.4.4.2. çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması və “Sosial işin idarə edilməsi” sisteminin tətbiqinin Azərbaycan Respublikasının normativ hüquqi aktları və digər aidiyyəti tələblər nəzərə alınmaqla tətbiqində çətinliklər yarana bilər. Bu zaman aidiyyəti üzrə təhlillər aparılması və həmin təhlillər əsasında razılaşdırılmış normaların müəyyən edilməsi məqsədəuyğun hesab olunur; 6.1.4.4.3. bir sıra layihələrin razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur; 6.1.5. uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi: 6.1.5.1. Əsaslandırma: uşaqların stasionar sosial xidmət müəssisələrinə düşərək ailə qayğısından məhrum olmaları gələcəkdə onların cəmiyyətə adaptasiya və ya reinteqrasiya olunmalarında ciddi çətinliklər yaratdığından bunun qarşısının alınması məqsədilə bir sıra tədbirlər görülməsi, o cümlədən Azərbaycan Respublikasında himayədar ailə institutunun inkişaf etdirilməsi zəruridir; 6.1.5.2. Görüləcək tədbirlər: 6.1.5.2.1. uşaqların stasionar sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə stasionar tipli qayğının tədricən alternativ xidmətlərə transformasiya olunması; 6.1.5.2.2. himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi. 6.1.5.3. Gözlənilən nəticə və nəticə indikatorları: 6.1.5.3.1. 220 uşaq stasionar müəssisələrdən ailələrinə qaytarılacaq və 250 uşağın stasionar müəssisələrə düşməsinin qarşısı alınacaqdır; 6.1.5.3.2. azı 120 uşağın himayədar ailəyə verilməsi təmin ediləcəkdir; 6.1.5.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: 6.1.5.4.1. valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailəyə qəbulunun təşviqi məqsədilə təbliğat xarakterli və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitinə və maddi-texniki təchizata ehtiyac vardır ki, həmin ehtiyacların qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Bu məqsədlə, Dövlət Proqramının 7-ci hissəsində əks olunmuş mənbələr hesabına maliyyələşdirilmənin aparılması üçün aidiyyəti tədbirlər görülə bilər; 6.1.6. sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, sosial xidmət sahəsində dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi: 6.1.6.1. Əsaslandırma: Sosial xidmətlərin təminatında sosial sifariş mexanizminin tətbiqinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsində, eyni zamanda əhalinin sosial xidmətlərə əlçatanlığı və xidmətlərin səmərəliliyinin artırılmasında əhəmiyyəti nəzərə alınaraq, dövlət sifarişləri əsasında həyata keçirilən layihələr çərçivəsində göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi zəruridir. Bundan əlavə, özəl sektorun sosial xidmət təminatı ilə əlaqədar layihələrin təşkilinə cəlb edilməsi müvafiq sahədə bazar mexanizmlərini gücləndirəcək, bu da öz növbəsində Azərbaycan Respublikasında sosial xidmət sisteminin inkişafına və xidmətlərin keyfiyyətinin artmasına mühüm töhfə verəcəkdir; 6.1.6.2. Görüləcək tədbirlər: 6.1.6.2.1. Azərbaycan Respublikasının regionları üzrə sosial xidmətlərə olan ehtiyacın müəyyən edilməsi və dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin şəbəkəsinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülməsi; 6.1.6.2.2. sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi ilə həyata keçirilən layihələrin davamlılığının təmin edilməsi, həmçinin layihələr çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görülməsi; 6.1.6.2.3. sosial xidmət sahəsində korporativ sosial məsuliyyətin inkişafının təmin edilməsi və sosial xidmət göstərilməsi ilə bağlı layihələrin təşkilinə özəl sektorun cəlb edilməsi; 6.1.6.3. Gözlənilən nəticə və nəticə indikatorları: 6.1.6.3.1. dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının hər il 10 faiz artmasına nail olunacaqdır; 6.1.6.3.2. sosial xidmət sahəsində həyata keçirilən layihələrin davamlılığının təmin edilməsi, habelə layihələr çərçivəsində göstərilən xidmətlərin minimum səviyyəsinə dair tələbləri və bu tələblərə riayət olunmasına nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktların layihələri təsdiq edilməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) təqdim olunacaqdır; 6.1.6.3.3. çətin həyat şəraitində olan şəxslərin sosial xidmətlərlə təmin edilməsi ilə əlaqədar fəaliyyətin həyata keçirilməsində iştirak edən özəl sektor subyektlərinin sayının artması üzrə müsbət dinamikaya nail olunacaqdır; 6.1.6.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: 6.1.6.4.1. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) xidmətlərə əlçatanlıq səviyyəsinin, eləcə də sosial xidmətlərə ehtiyacı olan şəxslərin regionlar üzrə paylanmasının müəyyən edilməsi, sosial xidmət müəssisələrinin və sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi ilə həyata keçirilən layihələrin şəbəkəsinin Azərbaycan Respublikasında genişləndirilməsi tədbirlərinin reallaşdırılması üçün maliyyə vəsaitinə və maddi-texniki təchizata ehtiyac vardır ki, həmin ehtiyacların qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Bu məqsədlə, Dövlət Proqramının 7-ci hissəsində əks olunmuş mənbələr hesabına maliyyələşdirilmənin aparılması üçün aidiyyəti tədbirlər görülə bilər; 6.1.6.4.2. vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun sosial xidmət təminatı ilə əlaqədar layihələrin təşkilinə cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi zamanı koordinasiyalı fəaliyyətin qurulması zərurətindən müəyyən ləngimələr baş verə bilər. Bu məqsədlə işçi qruplar yaratmaqla müvafiq istiqamətdə fəaliyyətin daha çevik həyata keçirilməsi təmin edilə bilər; 6.1.7. sosial xidmət sistemində insan resurslarının inkişafı və təminatı: 6.1.7.1. Əsaslandırma: Dövlət Proqramının reallaşdırılması ilə sosial xidmət sahəsində intellektual potensiala və mütəxəssislərin təhsil səviyyəsinə olan tələb dəyişdiyi üçün profil üzrə ali təhsilli sosial işçilərə ehtiyac yaranacaqdır. Bu məqsədlə, müvafiq sahədə fəaliyyət göstərən ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramlarının təkmilləşdirilməsinə, kadr hazırlığı üzrə müasir innovativ texnologiyalardan geniş istifadənin təmin edilməsinə zərurət vardır; 6.1.7.2. Görüləcək tədbirlər: 6.1.7.2.1. sosial xidmət sahəsində rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün yeni peşə və kvalifikasiya standartlarının hazırlanması; 6.1.7.2.2. sosial xidmət sahəsində yüksəkixtisaslı və peşəkar kadr hazırlığının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisələrində mövcud təhsil proqramlarının təkmilləşdirilməsi; 6.1.7.3. Gözlənilən nəticə və nəticə indikatorları: 6.1.7.3.1. “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları təsdiq ediləcəkdir; 6.1.7.3.2. çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin göstərilməsi və sosial işin təşkili məqsədilə yeni təhsil proqramları qəbul olunacaqdır; 6.1.7.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: 6.1.7.4.1. aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin göstərilməsi sahəsində bir sıra normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur; 6.1.7.4.2. sosial xidmət sahəsində fəaliyyət göstərən əməkdaşların müvafiq sahədə tətbiq olunan yeni metodika və texnologiyalar barədə məlumatlandırılması məqsədilə müvafiq təlimlərin və kursların təşkili üçün maliyyə vəsaitinə və madditexniki təchizata ehtiyac vardır ki, həmin ehtiyacların qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Bu məqsədlə, Dövlət Proqramının 7-ci hissəsində əks olunmuş mənbələr hesabına maliyyələşdirilmənin aparılması üçün aidiyyəti tədbirlər görülə bilər.

7. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında qeyd olunan tədbirlərin icrasının təmin edilməsi üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

OXŞAR XƏBƏRLƏR
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırıb

ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırıb

Baş Prokuror: Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib

Baş Prokuror: Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib

Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib

Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib

XƏBƏR LENTİ
  • 11:25

    DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
Menyu