http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Xarici vətəndaşla nikaha daxil olan zaman nələri bilmək lazımdır?

16 Sentyabr 2023 , 20:15
Xarici vətəndaşla nikaha daxil olan zaman nələri bilmək lazımdır?

Son dövrdə Azərbaycan vətəndaşlarının xarici vətəndaşlarla nikaha daxilolma sayının artığı müşahidə olunur. Xarici vətəndaşla evlənməyə qərar verənlərin bu proseslə bağlı bir çox sualları yaranır.

"Operativ Media" xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün AZƏRTAC-ın suallarını Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə cavablandırıb.

- Xarici vətəndaşla nikaha daxil olarkən hansı sənədlər tələb olunur?

- Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Ailə Məcəlləsinin 12-ci maddəsindəki tələblərə (nikahın bağlanmasına mane olan hallar nəzərə alınmaqla) əməl olunmaqla müəyyən edilir. Ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. Azərbaycanda nikaha daxil olmaq üçün zəruri sənədlər bunlardır: nikaha daxil olmağı arzu edən şəxslərin hər ikisinin yazılı ərizələri, şəxsiyyətlərini təsdiq edən sənədlər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışlar; əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış (qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır); əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı; nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) icra hakimiyyətinin sərəncamı; 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı; dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Ailə qanunvericiliyinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə münasibətlərinə tətbiqi ilə bağlı Ailə Məcəlləsində bir sıra müddəalar öz əksini tapıb. Əgər nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir. 

Azərbaycan hüdudlarından kənarda yaşayan vətəndaşlarımız arasında nikah ölkəmizin diplomatik nümayəndəliklərində və konsulluq idarələrində Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq bağlanır.

- Xaricdə bağlanan nikahı ölkəmizdə tanıtmaq lazımdırmı?

- Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah ölkəmizdə etibarlı hesab edilir. Azərbaycan hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah ölkəmizdə etibarlı hesab edilir. Azərbaycandan kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah ölkəmizdə tanınır.

- Xarici vətəndaşla nikaha daxil olan zaman nələri bilməliyik, nələrə diqqət yetirməliyik?

- Xarici vətəndaşla nikaha daxil olan zaman vətəndaşlar əcnəbi vətəndaşla nikaha daxil olmaq üçün zəruri olan sənədlərin tamlığını təmin etməli, nikaha daxil olduqları xarici vətəndaşların Azərbaycanda qanuni əsasla yaşamaqları üçün aidiyyəti orqanlara müraciətini təşkil etməli, əcnəbi vətəndaşla nikaha daxil olmasından asılı olmayaraq Azərbaycan Respublikası Mülki Prosessual, Ailə və Miqrasiya Məcəlləsinin müddəalarına və digər qanunlara şərtsiz riayət etməlidirlər.

- Həmin evlilikdən dünyaya gələn uşaqlar hər iki ölkənin vətəndaşı sayılırmı?

- Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Yəni Azərbaycan Respublikası bipatrizmi tanımır. Bipatrizm - eyni zamanda, iki dövlətin vətəndaşlığına sahib olan bir şəxsin hüquqi statusuna verilən addır. Beləliklə, Azərbaycan Respublikası vətəndaşı hesab olunan uşağın xarici dövlətin vətəndaşlığına mənsubiyyəti tanınmır. 

- Xarici vətəndaşla nikah pozularsa, nikah pozulma prosesi necə keçiriləcək? Belə olan halda mülk bölgüsü, övladın hansı tərəfdə qalması, alimentin hesablanması prosesi necə keçirilir?

- Respublikamızdan kənarda Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan vətəndaşları arasında bağlanan nikahın ölkəmizdə pozulması qanunvericiliyimizə uyğun olaraq həyata keçirilir. Ölkəmizdən kənarda yaşayan vətəndaşımız Azərbaycandan kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq, Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycanın məhkəmələrinə müraciət etmək hüququ vardır. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşir, həmin ölkədə onların birgə yaşayış yeri olmadıqda, ər-arvad axırıncı dəfə hansı ölkənin ərazisində birgə yaşayıblarsa, həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri olmayan ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri Azərbaycan Respublikası ərazisində qanunvericiliyimiz ilə müəyyən edilir. Ər-arvadın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa, onların aliment tutulması barədə sazişdəki və ya nikah müqaviləsindəki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə bilərlər. 

Valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi isə onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azyaşlı uşaqlar bioloji cəhətdən anasına daha çox bağlı olduğundan bir qayda olaraq ananın himayəsinə verilir. On yaşına çatmış uşağın fikri isə mütləq nəzərə alınaraq buna əsasən valideynlərdən kimin himayəsində qalma məsələsi həll olunmalıdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

Xarici dövlət məhkəmə qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Xarici məhkəmələrin qətnamələri qanunlarımızda və ya tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

Qanunvericiliyə əsasən, xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı qətnamələri - məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan; nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda vətəndaşlarımız ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə; nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda vətəndaşlarımız arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.

Mülki Prosessual qanunvericiliyə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. 

Lakin əgər ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu