Bu gün dünyada Beynəlxalq Dağınıq Sklerozla Mübarizə Günü qeyd olunur. Dünyada dağınıq sklerozdan əziyyət çəkən təxminən 3,5 milyon insan var.
Bəs dağınıq skleroz xəstəliyi nədir və necə müalicə olunur?
Bu barədə həkim-nevroloq Qalib Əsədov “Operativ Media”ya açıqlamasında bildirib ki, bu dağınıq skleroz mərkəzi sinir sisteminə aid xəstəlikdir:
“Mərkəzi sinir sistemi beyin və onurğa beyindən ibarətdir. Mərkəzi sinir sistemi sinir lifləri, onu əhatə edən, qoruyan, funksiyaların yerinə yetirilməsini təmin edən mielin adlı qişa ilə örtülür. Dağınıq sklerozda həmin mielin qişası zədələndiyindən beyin və onurğa beynindən gələn implusların orqanlara çatdırılması pozulur və nəticədə xəstəliyə aid əlamətlər meydana çıxır. Xəstəliyin səbəbləri əvvəllər keçirilmiş virus infeksiyaları, bəzi zəhərli maddələrlə qidalanma vərdişləri, bədənin müdafiə sisteminin pozğunluğu, irsiyyət, coğrafi zonalar və başqalarıdır. Xəstəliyə ən çox 20-40 yaş arası insanlarda rast gəlinir. Həmçinin 10 yaşa qədər erkən başlayan və 40 yaşdan sonra da rast gəlinə bilər. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Əgər ailə anamnezində dağınıq skleroz olarsa, həmin şəxsdə bu xəstəliyə rast gəlmə tezliyi yüksəkdir. Dağınıq skleroz yoluxucu deyil”.
Həkim xəstəliyin əlamətlərindən də danışıb:
“Xəstəliyin başlanğıcında xəstələr ümumi zəiflikdən, tez yorulmadan, başgicəllənmədən, müvazinətsizlikdən, gözdə ikiləşmədən, görmə qabiliyyətinin zəifləməsindən şikayətlənirlər. Xəstəni müayinə etdikdə sümüküstlüyü reflekslərinin yüksəldiyi, patoloji reflekslərin meydana çıxdığı ayırd edilir. Xəstənin yerişi sərrast olmur, tez-tez o tərəf-bu tərəfə yıxılır. Mərkəzi sinir sisteminin zədələndiyi nahiyəyə uyğun kliniki simptomlar müşahidə olunur. Əlamətlər əsasən halsızlıq, hissiyyatın zəifləməsi, koordinasiyanın zəifləməsi, müvazinət problemi, görmə pozğunluğu, nistaqm (göz almasının qeyri-iradi hərəkəti), əzələ sərtləşməsi (spastika), titrəmələr, nitq pozulması, həzm sistemi və sidik-cinsiyyət problemləri, səndələyərək yerimə, istiyə həssaslıq, koqnitiv problemlər şəklində olmaqdadır”.
Həkim qeyd edib ki, dağınıq skleroz xəstəliyinin başlanğıcında həkim tərəfindən düz diaqnoz qoyulub müalicə təyin edildikdə müsbət nəticə əldə olunur:
“Bəzi hallarda xəstəlik nisbətən yüngül keçir, müalicəyə tabe olur. Dəqiq diaqnoz qoyulduqda, lazımi müalicə kursu təyin edildikdə xəstə uzun illər normal həyatına davam edir. Ancaq bəzi hallarda xəstəlik sürətlə inkişaf edir və bir neçə ilə xəstənin əmək qabiliyyəti itir. Xəstənin qidası vitaminlərlə zəngin və yüksək keyfiyyətli olmalıdır”.
Sevinc İbrahimzadə