Azərbaycanda fəaliyyət göstərən 233 muzey var. Bəs Bakıda muzeylərə giriş üçün ödəniş nə qədərdir?
“Operativ Media” bilet qiymətləri ilə bağlı araşdırma edib.
Ölkəmizin ən çox ziyarətçi qəbul edən Azərbaycan Milli Xalça Muzeyinin biletləri məktəbli və tələbələr üçün 3 AZN, yerli vətəndaşlar üçün 7 AZN (10 nəfərdən artıq qrup olduqda isə 5 AZN), əcnəbi vətəndaşlar üçün isə 10 AZN (10 nəfərdən artıq şəxs olarsa, 7 AZN) təşkil edir.
Milli Azərbaycan Tarixi Muzeyinə giriş üçün biletlər şagirdlər və tələbələr üçün 2 manat, yerli vətəndaşlar üçün 8 manat, xarici ölkə vətəndaşları üçün isə 15 manatdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini gəzmək istəyən yerli vətəndaşlar 2 manat, xaricilər isə 5 manat ödəniş etməlidirlər.
Müasir İncəsənət Muzeyinin giriş biletləri isə məktəblilər və uşaqlar üçün pulsuz, tələbələr üçün 2 manatdır. Standart biletin qiyməti isə 5 AZN təşkil edir.
Suraxanı Gəmi-Muzeyinə giriş 5 yaşadək uşaqlara qadağandır. Fərdi ziyarətçilər 5 manat, tələbə və məktəblilər isə 2 manat ödəniş edə buranı ziyarət edə bilərlər.
Azərbaycan İstiqlal Muzeyini ziyarət etmək istəyən uşaq və tələbələr 1 manat, yerli vətəndaşlar 2 manat, xaricilər isə 5 manat ödəyərək bilet əldə edə bilərlər.
Bundan başqa, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində uşaqlar, məktəblilər və tələbələr 0.50, yerli və xarici vətəndaşlar 2, Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət etmək istəyən uşaqlar, məktəblilər və tələbələr 1, yerli vətəndaşlar 2, xaricilər isə 5 manata bilet ala bilərlər.
44 günlük Vətən müharibəsindən əldə edilən qənimətlərin sərgiləndiyi Hərbi Qənimətlər Parkına isə yerli vətəndaşlar 2, xarici vətəndaşlar isə 10 AZN ödəyərək daxil ola bilərlər.
Qeyd edək ki, Bakıda yerləşən muzeylərin əksəriyyəti həftənin bazar ertəsi günü fəaliyyət göstərmir.
Sevinc İbrahimzadə