Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılıb.
2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub
Qarabağ Universitetinin tələbələri öz təəssüratlarını “Operativ Media” ilə bölüşüb.
Universitetin tələbəsi Əli Həşimli bildirib ki, Xankəndidə yaşamaq, doğma torpaqlarımızda təhsil almaq mənim üçün sözlərlə ifadə olunmayacaq dərəcədə önəmlidir.
“İlk növbədə, Qarabağ Universiteti kimi bir təhsil müəssisəsinə qəbul olunmaq mənim üçün çox böyük qürur və sevincdir. Qarabağ bölgəsində açılan ilk universitetin bir parçası olmaq həm tarixi, həm də mənəvi cəhətdən çox dəyərlidir. Xüsusilə, mənim ixtisasım olan, kompüter mühəndisliyi sahəsində burada təhsil almaq mənim üçün unudulmaz bir təcrübə olacaq. Bu universitetdə keçirəcəyim ən az 4 ili Xankəndidə yaşamaq, doğma torpaqlarımızda təhsil almaq mənim üçün sözlərlə ifadə olunmayacaq dərəcədə önəmlidir.
Qarabağ bölgəsi sürətlə inkişaf edir və yenidənqurma prosesinin mərkəzindədir. Mühəndislik sahəsi isə bu inkişafın əsas sütunlarından biridir. Kompüter mühəndisliyi sahəsində təhsil almaq, gələcəkdə bölgənin texnoloji infrastruktura inteqrasiyasına, innovasiyaların tətbiqinə və ümumiyyətlə ölkəmizin bu sahədə irəliləməsinə töhfə verəcək. Bu prosesdə iştirak etmək, gələcəyin mühəndislərindən biri olmaq mənim üçün çox böyük məsuliyyət və fəxrdir.
Qarabağda təhsil almaq mənim üçün təkcə şəxsi inkişaf deyil, həm də milli məsuliyyət hissidir
Bu torpaqlarda yaşayıb oxumaq, burada bir həyat qurmaq və yenidənqurma prosesinə öz töhfəmi vermək mənəvi baxımdan çox əhəmiyyətlidir. Həm də Qarabağın gələcək nəsillərə daha güclü və inkişaf etmiş bir formada ötürülməsində rol oynamaq mənim üçün unikal bir fürsətdir”.
Qarabağ Universitetinin ilk tələbələrindən biri olan Zenfira Nəsirova ilk dərs günündə hər kəsin həm həyəcanlı, həm də sevincli olduğunu vurğulayıb:
“Qarabağ Universitetində təhsil almaq çox möhtəşəmdir. Bu gün ilk dərs günüdür. Bütün tələbələr biraz həyəcanlıdır. Biz hamımız çox sevincliyik. Çünki aylardır bu günü gözləyirdik. Burada hər şey qaydasındadır. Bütün müəllimlər və tələbələr çox enerjilidirlər. Biz çalışacayıq ki, Qarabağ Universitetində yüksək təhsil alaq. Mən hüquqşünaslıq ixtisası üzrə təhsil almağa başlayacağam. Qarabağ Universiteti növbəti illərdə ən yüksək səviyyəli təhsil mərkəzinə çevriləcək. Bu fürsəti əldən vermək istəmədim”.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.