Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun ləğvi ilə bağlı qərarını haqlı hesab edir.
Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.
Diplomat xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib:
“Biz regiondakı vəziyyətin köklü dəyişməsini nəzərə alaraq bu addımı haqlı və əsaslı sayırıq”, – o qeyd edib.
“Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur”, – deyə Zaxarova əlavə edib. Onun sözlərinə görə, hər iki dövlətin xarici işlər nazirləri avqustun 11-də müvafiq təkliflə ATƏT-ə müraciət ediblər və bununla da təsdiq ediblər ki, Bakı və İrəvan artıq Minsk prosesi alətlərinə ehtiyac duymur.
Zaxarova əlavə edib ki, Minsk Qrupunun fəaliyyət göstərdiyi bütün dövr ərzində Rusiya həmsədrliyi həm Azərbaycan, həm də Ermənistan xalqlarının maraqlarına uyğun olaraq qarşıya qoyulmuş vəzifələrin həlli üçün bütün səylərini göstərib.
Qarabağ münaqişəsinin həlli məqsədilə ATƏT-in Minsk prosesi 1992-ci ildə başlanıb və onun əsas elementi Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk Qrupu olub.