"Müasir həyatın sürəti, sosial-iqtisadi dəyişikliklər və informasiya bolluğu insanların psixi sağlamlığına ciddi təsir göstərir. İşsizlik, maddi çətinliklər, müharibələr, miqrasiya kimi faktorlar, həmçinin sosial mediada artan müqayisə təzyiqləri insanlarda narahatlıq, güvən itkisi və depressiya riskini yüksəldir".
Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
O qeyd edib ki, əsas məsələ psixi sağlamlığa fiziki sağlamlıq kimi yanaşmaqdır: “İnsanlar öz duyğularını tanımalı, streslə başa çıxma bacarıqlarını inkişaf etdirməlidirlər. Düzgün yuxu rejimi, fiziki aktivlik, sosial dəstək və müsbət ünsiyyət çox önəmlidir. Ehtiyac olduqda isə psixoloq və ya psixiatr dəstəyi almaq çəkiniləcək bir şey deyil”.
Psixoloq bildirib ki, sosial təzyiq çox vaxt başqalarının gözləntilərindən qaynaqlanır: “İnsan öz dəyərlərini və sərhədlərini bilməli, sosial mediada keçirdiyi vaxtı məhdudlaşdırmalı, real ünsiyyətə üstünlük verməlidir. Cəmiyyət səviyyəsində isə psixi sağlamlıqla bağlı maarifləndirici proqramlar, iş yerlərində psixoloji rifah layihələri təşkil etmək vacibdir.
Biz artıq psixi sağlamlığın yalnız fərdi problem olmadığını, ictimai sağlamlıq məsələsi olduğunu anlayırıq. Əgər bu gün insanlar üçün psixoloji dəstək əlçatan olmazsa, gələcəkdə cəmiyyət olaraq daha böyük problemlərlə üzləşə bilərik. Ona görə də maarifləndirmə, erkən müdaxilə və psixoloji xidmətlərin genişlənməsi prioritet olmalıdır”.
Ayşən Sadıxzadə