Dünyada geniş istifadə olunan palma yağı ətrafında müzakirələr uzun illərdir davam edir. Onun həm qida sənayesində, həm də texniki sahələrdə tətbiqi barədə müxtəlif fikirlər mövcuddur. Azərbaycanda da palma yağının idxalı və istifadəsi ilə bağlı məsələlər vaxtaşırı gündəmə gəlir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Operativ Media-ya açıqlamasında palma yağının mahiyyəti, istifadəsi və istehlakçıların diqqət etməli olduğu məqamlar barədə danışıb:
"Palma yağı iki növdə istehsal olunur. Meyvəsindən alınan yağ – əsasən qida sənayesində istifadə edilir. Çəyirdəyindən alınan yağ – texniki və digər sənaye məqsədlərinə xidmət edir”.
O, qeyd edib ki, qida üçün istifadə edilən palma yağı normal bitki yağı sayılır və bir çox ölkələrdə sərbəst satılır:
“Hətta körpə qidalarının tərkibində də palma yağına rast gəlinir. Lakin bəzi ölkələrdə iqtisadi maraqlar səbəbilə palma yağının bazara daxil olması mediada neqativ təqdim edilir. Azərbaycana da palma yağı böyük həcmdə idxal olunur. Təəssüf ki, məhsulların üzərində bu yağın istifadəsi ilə bağlı məlumat hər zaman qeyd edilmir. Bu baxımdan istehlakçılar etiket məlumatlarını diqqətlə izləməli, Qida Təhlükəsizliyi Agentliyi isə nəzarəti gücləndirməlidir".
Ayşən Sadıxzadə