“Azərbaycan Ermənistanı hərbi əməliyyat meydanından diplomatik danışıqlar masasına gətirməyi bacardığı kimi, sülh gündəliyini icrasını da təmin edəcəkdir.”
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
Onun sözlərinə görə, de-fakto sülhün davamlı sülhə çevrilməsi və Ermənistanla münasibətlərdə sülh gündəliyinin irəlilədilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir:
"Bu kontekstdə Danimarkanın paytaxtı Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş, Azərbaycanın sülh prosesinə sadiqliyini və sülh gündəliyinin reallaşdırılması istiqamətində ardıcıl fəaliyyətini bir daha təsdiqləmişdir.
Hazırda ölkəmiz post-münaqişə dövründə işğalın nəticələrinin aradan qaldırılması mərhələsindədir. Azərbaycan Ermənistanı hərbi əməliyyat meydanından diplomatik müstəviyə gətirməyi bacarmışdır. İşğala son qoyulması, Ermənistan silahlı qüvvələrinin kapitulyasiyası və ərazilərimizin azad olunmasından sonra bu gün qarşıda duran əsas məsələ dayanıqlı sülhün təmin olunması və dövlətlərarası münasibətlərin normallaşdırılmasıdır.
Bu mərhələ isə ciddi siyasi iradə, diplomatik səylər və strateji baxış tələb edir. Prezident İlham Əliyev hərbi, siyasi və diplomatik alətlərdən yerinə və zamanına uyğun məqsədyönlü istifadə etməklə Ermənistanla sülh prosesini prosesini indiki mərhələyə qədər gətirib çıxarmışdır. Hazırda sülh gündəliyində mühüm məsələlər – Zəngəzur dəhlizinin, kommunikasiya xətlərinin açılması, sülh sazişinin imzalanmasına mane olan baryerlərin aradan qaldırılması, qarşılıqlı etimadın formalaşdırılması kimi istiqamətlər müzakirə mövzusu olaraq qalır.
Azərbaycan Prezidentinin sülh gündəliyini intensiv şəkildə irəlilətməsinə dair ən tutarlı arqumentlərdən biri son dörd ay ərzində keçirilmiş yüksək səviyyəli görüşlərin intensiv qrafikidir. Belə ki, avqust ayında Vaşinqtonda sülh sammiti, bundan əvvəl isə Abu-Dabidə baş tutmuş görüş, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüş, oktyabrda isə Kopenhagendə Avropa Siyasi Birliyi çərçivəsində aparılmış danışıqlar, Azərbaycanın bu istiqamətdə ardıcıl diplomatik səylər göstərdiyini nümayiş etdirir.
BMT Baş Assambleyasının tribunasında Azərbaycan Prezidentinin təqdim etdiyi “sülhü qazanmağın Azərbaycan təcrübəsi”nə Avropa Siyasi Birliyi (ASB) daxilində də maraq göstərilməsi təsadüfi deyil. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ASB 7-ci Zirvə görüşündəki açılış nitqində Azərbaycan Prezidenti və Ermənistan Baş nazirini sülh prosesində atdıqları addımlara görə təbrik edərək bu istiqamətdə Azərbaycanın sülh gündəliyinə verdiyi dəyəri xüsusi vurğulamışdır. Koşta həmçinin Azərbaycanı Avropa İttifaqı üçün dəyərli tərəfdaş adlandıraraq ölkəmizlə əlaqələri inkişaf etdirməyə sadiq olduqlarını X hesabında yazmışdır.
Azərbaycanın sülh gündəliyinə və Prezident İlham Əliyevin bu çərçivədki siyasətinə verilən qiymət həm dövlətimizin sülhə və əməkdaşlığa sadiqliyini, digər tərəfdən isə de-fakto sülhün dayanıqlı sülhüə çevrilməsi istiqamətində atılan praktiki addımları təsdiqləyir".