İlham Əliyevin siyasi iradəsi dünya liderlərinə nümunədir - RƏY

Prezident İlham Əliyevin Danimarkaya işgüzar səfəri çərçivəsində Moldova Prezidenti Maya Sandu, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, İtaliya Nazirlər Şurasının Sədri Corciya Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof və Fransa Prezidenti Emmanuel Makronla görüşləri olub və mühüm məsələlər müzakirə edilib.
Bu fikirləri Operativ Media-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli bildirib.

Onun sözlərinə görə, görüşlər arasında Prezident İlham Əliyevlə Emmanuel Makronun görüşü xüsusi diqqət çəkib:
“Rəsmi məlumatda qeyd olunur ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi istiqamətində əldə olunmuş nəticələr münasibətilə dövlət başçımızı təbrik edib.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr regional sülh gündəliyinin irəliləməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəli aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini də qeyd edib.
Görüşdə, həmçinin Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Əslində, cənab İlham Əliyev bu davranışı ilə növbəti dəfə bəzi dünya liderlərinə siyasi əxlaq və rəşadət dərsi keçmiş oldu. Məlumdur ki, Makron uzun illər – Qarabağ işğal altında olarkən, Vətən Müharibəsi dövründə, birgünlük antiterror əməliyyatı zamanı, eləcə də postmüharibə mərhələsində Azərbaycana qarşı qərəzli mövqeyi ilə yadda qalıb. O, Ermənistanla sülh müqaviləsinin baş tutmaması üçün əlindən gələni edirdi.
Lakin Prezident İlham Əliyevin doğru, ardıcıl və prinsipial siyasəti nəticəsində Makron da daxil olmaqla dünya liderləri Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyə məcbur oldu. Dövlət başçımız hələ 2024-cü ildə verdiyi bəyanatlarda qeyd etmişdi ki, Azərbaycana qarşı təhdid və təzyiqlər heç bir nəticə verməyəcək, ölkəmiz heç kimdən qorxmayacaq və geri çəkilməyəcək. Bu gün bu siyasətin, əzmin və cəsarətin nəticələri açıq-aydın görünür.
İlham Əliyevlə Makronun görüşündən yayılan foto da bunu sübut edir. Həmin görüntüdə Azərbaycan liderinin təbəssümü böyük siyasi məna daşıyır – mərdliyi, iradəsi və peşəkar siyasətçiliyi ilə dünya liderlərinə nümunə olan Prezident, uzun müddət qərəzli mövqe sərgiləyən Makronu belə reallıqları qəbul etməyə vadar edib.
Ümid etmək olar ki, bundan sonra Makron qərəzli münasibətləri minimuma endirəcək və Fransanın Azərbaycana qarşı yanlış siyasətində düzəlişlər ediləcək. Çünki başqa yol sadəcə yoxdur".
✍️ Ayşən Sadıxzadə