Azər Badamov: Türk Dövlətləri Təşkilatı yeni reallıqlarla daha da güclənib

"Türk Dövlətləri Təşkilatının fəalliyətində yeni bir era başlayıb desək, yanılmarıq. Təşkilatın fəaliyyət istiqamətləri isə Azərbaycanın Zəfər əldə etməsindən sonra daha da genişlənib. Tarixin hamar və nahamarlıqları qarşısında əzilməyən, əyilməyən bu təşkilat yeni reallıqlardan sonra daha da güclənib".
Bu fikirləri Operativ Media-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, təsisat daxilində üzv və müşahidəçi dövlətlərin birliyinin, həmrəyliyinin hər keçən gün artdığının şahidiyik:
“TDT-nin bu qədər sağlam əsaslar üzərində inkişafının təməlində duran amil odur ki, təsisat heç bir halda konfrontasiyaya getmədən, habelə qətiyyət və iradə nümayiş etdirərək dünya siyasi arenasında açıqlıq, şəffaflıq, əməkdaşlıq prinsiplərini əsas tutur. TDT-nin Zirvə görüşləri isə üzv və müşahidəçi ölkələr üçün görüşdən əlavə sanki bayram əhval-ruhiyyəsi ilə keçir. Buna səbəb TDT çərçivəsində önəmli yerə sahib Azərbaycanın əsas hədəfinə yəni, sülh gündəliyinə nail olmasıdır. 12-ci Zirvə görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub. Bu isə təsadüf deyil. Nəqliyyat və kommunikasiyaların aktuallığı kontekstində təhlükəsizlik məsələsi də aktuallıq qazanıb. Mərkəzi Asiysanı Avropa ilə birləşdirəcək xətlərdə maraqlı olan qüvvələr qədər, bunu istəməyən qüvvələr də var. Məhz belə görüşlər imkan yaradacaq ki, fikirlər, addımlar konsolidasiya olunsun. Azərbaycan önəmli qərarların alınmasında strateji rol oynayır.
İqtisadi inteqrasiya, canlanma təşkilat üçün son dərəcə vacibdir. Bunun vacibliyini sübut edən amil konkret rəqəmlərdir. 2024-cü ildə TDT-ə üzv ölkələrlə ticarət dövriyyəsi təxminən 6,9 milyard ABŞ dollarına qədər yüksəlib. Nəzərə alsaq ki, bu rəqəm ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14,5 faizini təşkil edib, deməli, kifayət qədər uzun və uğurlu bir yol qət edə bilmişik. Nizamnamə kapitalının 600 milyon dollara qədər artırılması hədəf qoyulan Türk İnvestisiya Fondu iqtisadi inkişaf baxımından yaradılmış təsisatdır. Fond infrastruktur, enerjidən tutmuş Qarabağın dirçəldilminə qədər bir sıra əhməiyyətli məsələlərə dəstək verir.
Bundan əlavə, TDT-nin 12-ci Zirvə görüşü Qəbələdə keçirilir ki, bu amil Bakı qədər regionlarımızın da inkişafından, Azərbaycanın hər bir rayonun belə əhəmiyyətli hadisələrə evsahibliyi etmək üçün hazır olduğundan xəbər verir. Bu həm də dünyanın diqqətinin Azərbaycanın regionlarına çəkilməsidir.
Cənab Prezident İlham Əliyevin də dediyi kimi təşkilat qlobal iştirakçılardan biri olmaq yolunda əzmlə irəliləyir”.
Ayşən Sadıxzadə