TDT Zirvə görüşü regional əməkdaşlığı daha da gücləndirir - RƏY

Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü birliyə, əməkdaşlığa və ortaq dəyərlərə əsaslanan türkdilli dövlətlərin siyasi və iqtisadi gündəmində mühüm yer tutur. Bu toplantı üzv ölkələr arasında strateji əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və ortaq problemlərin həllində birgə mövqenin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş, həmçinin bölgədə sülh, sabitlik və rifahın təmin olunması məqsədilə birgə səylərin koordinasiyasını hədəfləyir.
Bunu Operativ Media-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
.jpg)
Onun sözlərinə görə, beynəlxalq tədbirlərin keçirilməsi üçün klassik mənada öyrəşdiyimiz “rəsmi paytaxt” anlayışı getdikcə regionlarla əvəz olunur:
"Regionların sosial-iqtisadi inkişafına bu qədər sərmayə qoyulduğu bir şəraitdə beynəlxalq tədbirlərin də regionlarda keçirilməsi tamamilə təbiidir. Xankəndi, Şuşa, Şamaxı, Gəncə və Qəbələ kimi şəhərlərdə təşkil olunan tədbirlər həm qədim tarixi və mədəni irsimizin dünyaya təqdimatı, həm də region əhalisinin ölkənin siyasi və iqtisadi gündəminə daha yaxından cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir".
Politoloq əlavə edib ki, bir çox beynəlxalq təşkilat kimi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin də regionlarda keçirilməsi dövlətlərdən cəmiyyətlərə qədər uzanan, hərtərəfli inteqrasiya prosesidir. Bu, TDT-yə üzv və müşahidəçi dövlətlərin rəsmiləri qədər, onların cəmiyyətləri üçün də müsbət qarşılanan bir haldır:
"TDT-yə daxil olan ölkələrlə Azərbaycanın regionları arasında qardaşlaşmış şəhərlər mövcuddur. Məsələn, Özbəkistan və Azərbaycan arasında Xivə–Şuşa, Buxara–Lənkəran, Kokand–Şəki, Səmərqənd–Gəncə; Qırğızıstan və Azərbaycan arasında Bakı–Bişkek; Qazaxıstan və Azərbaycan arasında isə Şuşa–Türküstan şəhərləri qardaşlaşmışdır. Bu fakt yalnız rəsmi Bakının deyil, bütövlükdə Azərbaycanın regionlarının da beynəlxalq əlaqələrdə aktiv iştirakını göstərir. Belə münasibətlər yeni investisiya imkanları, iş yerləri və sosial-iqtisadi inkişaf deməkdir.
Bu strategiya dayanıqlı inkişafın təmininə xidmət edir. Qarşılıqlı əlaqələrin gücləndirilməsi region sakinlərinə paytaxt səviyyəsində potensial imkanların yaradılmasını nəzərdə tutur.
TDT-yə üzv dövlətlər geniş bir coğrafiyanı əhatə edir. Bu ərazi həm zəngin yeraltı və yerüstü sərvətlərə, həm də böyük insan kapitalına malikdir. Münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi məsələsinə kompleks yanaşmaq vacibdir. Azərbaycan Transxəzər nəqliyyat dəhlizində əsas aktor kimi çıxış edir. TDT-yə üzv dövlətlər Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayırlar. İmkanların miqyasını düzgün qiymətləndirərək bu potensialdan tam istifadə etmək əsas çağırışlardan biridir".
Şəfa Hüseynli