Ərdoğan Zirvə Görüşü ilə bağlı paylaşım edib

Nərmin Qocamanova
Ərdoğan Zirvə Görüşü ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, paylaşımda deyilir:

"Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünü Azərbaycanımızın qədim tarixin izlərini daşıyan gözəl şəhəri Qəbələdə keçirdik.

İmzalanan Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram.

Təşkilatın geridə qoyduğu cəmi 16 il kimi qısa bir müddətdə “dildə, fikirdə, işdə birlik” şüarı ilə əldə etdiyi nailiyyətlərə yenilərini əlavə edirik.

Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” kimi müəyyən edilməsini son dərəcə düzgün və mənalı hesab edirik.

Digər aidiyyəti beynəlxalq qurumlar və ittifaqlarla qarşılıqlı əlaqə içində səsini və gücünü ortaya qoyan bir vizyonu həyata keçirməliyik.

Bu baxımdan, bu gün razılaşdığımız TDT Plus formatının üçüncü tərəflərlə əməkdaşlığımıza yeni bir nəfəs gətirəcəyinə ürəkdən inanıram.

Terrorizm, qanunsuz miqrasiya, kiber təhdidlər və iqlim dəyişikliyi kimi məsələlərə birgə mövqe ilə cavab verə biləcəyimizi, öz səma altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizi düşünürəm.

İyul ayında keçirilən Türk Dövlətləri Təşkilatı Müdafiə Sənayesi Qurumlarının Birinci Toplantısını bu mənada mühüm bir addım kimi dəyərləndirirəm.

Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahəsindəki təşəbbüslərimizi də bu yanaşmanı tamamlayan hissələr kimi görürük.

Aramızdakı enerji və rabitə əlaqələrini daha da səmərəli və güclü hala gətirəcək layihə və investisiyalara diqqət yönəltməyimiz hamımızın mənafeyinə uyğundur.

Xəzər üzərindən keçən Orta Dəhlizi daha da səmərəli etməliyik.

Cənubi Qafqazdakı hadisələri sadəcə izləmir, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün atılan addımları səmimiyyətlə dəstəkləyirik.

Azərbaycan və Ermənistan arasında 8 avqustda imzalanan ortaq bəyanatı bu istiqamətdə müsbət bir addım kimi görür, davamının gəlməsini arzulayırıq.

Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhəd birləşmə nöqtəsinin müəyyən edilməsinə dair mart ayında bağlanmış razılaşmanı da məmnuniyyətlə qarşılayırıq.

Azərbaycana və dəyərli qardaşım cənab Əliyevə göstərdikləri möhtəşəm qonaqpərvərlik üçün təşəkkürümü bildirirəm".

Digər xəbərlər