Batatın sağlamlığa faydaları nələrdir?

Nərmin Qocamanlı
Batatın sağlamlığa faydaları nələrdir?

Şirin kartof (batat) dadca bir qədər şirin, qida dəyəri yüksək və sağlamlıq üçün çox faydalı bir tərəvəzdir. Görünüşcə adi kartofa bənzəsə də, tərkibi və bioloji mənsubiyyəti ilə ondan fərqlənir. Latınca adı "Ipomoea batatas" olan şirin kartof əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, Türkmənistanda və Şimali Qafqaz bölgəsində geniş şəkildə becərilir.

Bəs bu kartofun faydaları nələrdir?

Mövzu ilə bağlı Operativ Media-ya qida üzrə baş mütəxəssis Ağa Salamov danışıb:

"Son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, şirin kartof (batat) tərkibindəki antosianin birləşmələri sayəsində yüksək qida və sağlamlıq dəyərinə malikdir.

Antosianinlər bitkilərdə təbii piqment rolunu oynayan maddələrdir və onların əsas funksiyası meyvə və tərəvəzlərə qırmızı, bənövşəyi və mavi rəng çalarları verməkdir. Bu maddələr antioksidant xüsusiyyətlərə malik olub, hüceyrələrin qocalmasının qarşısını alır, orqanizmdə sərbəst radikallarla mübarizə aparır və bir çox xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

Yaponiyanın Okinava adasında aparılan tədqiqatlar göstərir ki, yerli əhalinin uzunömürlülüyünün əsas səbəblərindən biri onların gündəlik qidalanmasında şirin kartofun mühüm yer tutmasıdır. Burada insanların orta ömür müddəti 85–100 il arasında dəyişir və şirin kartof onların rasionuna mütəmadi şəkildə daxildir. Bu tərəvəz tərkibindəki antosianinlər sayəsində ürək-damar sisteminin fəaliyyətini tənzimləyir, xolesterin səviyyəsini aşağı salır və immun sistemini möhkəmləndirir.

Antosianinlər yalnız şirin kartofda deyil, qara üzüm, badımcan, qaragilə, qara qarağat kimi digər bitkilərdə də mövcuddur. Bu maddələr həmin məhsullara tünd rəng verir və onları daha sağlam qida mənbəyinə çevirir. Alimlərin fikrincə, antosianinlə zəngin qidaların müntəzəm qəbulu orqanizmin iltihabi proseslərə qarşı müdafiə qabiliyyətini artırır və xroniki xəstəliklərin yaranma riskini azaldır.

Nəticə etibarilə, şirin kartofun yüksək qida dəyəri onun tərkibindəki antosianinlərlə birbaşa əlaqədardır. Bu maddələr təbiətin təqdim etdiyi ən güclü antioksidantlardan biri kimi insan sağlamlığının qorunmasında mühüm rol oynayır".

 

Ayşən Sadıxzadə

Digər xəbərlər