Öskürəkdən daha tez xilas olmaq üçün nə etməliyik?

Ayşən Sadıxzadə
Öskürəkdən daha tez xilas olmaq üçün nə etməliyik?

Ümumiyyətlə, öskürək ayrıca bir xəstəlik deyil, müəyyən bir xəstəliyin əlamətidir. Öskürək bronxların epitel qatının qıcıqlanması və ya zədələnməsi nəticəsində yaranan refleks hərəkətdir. Bu zaman bronxial yollarda bəlğəm əmələ gəlir və orqanizm bu bəlğəmi xaric etmək üçün öskürək refleksini işə salır. Yəni öskürək orqanizmin müdafiə mexanizmlərindən biridir və tənəffüs yollarını təmizləməyə xidmət edir.

Bu fikirləri Operativ Media-ya açıqlamasında professor-ekspert Adil Qeybulla deyib. 

O bildirib ki, öskürək əsas xəstəliyin gedişatına bağlı olaraq ortaya çıxır və adətən həmin xəstəliyin sağalması ilə birlikdə azalır və ya tamamilə keçir: “Bununla belə, öskürəyi azaltmaq və ya refleksi zəiflətmək üçün müxtəlif dərman vasitələri mövcuddur. Lakin öskürəyin tam aradan qalxması üçün onu törədən əsas səbəb – yəni ilkin xəstəlik – müalicə olunmalıdır.

Öskürəyin səbəbləri kəskin respirator infeksiyalar, bronxit, pnevmoniya və digər tənəffüs yolları xəstəlikləri ola bilər. Buna görə də yalnız öskürəyi aradan qaldırmağa çalışmaq doğru yanaşma deyil. Əsas məqsəd onun yaranma səbəbini müəyyənləşdirmək və həmin səbəblə mübarizə aparmaq olmalıdır”.

Ayşən Sadıxzadə

Digər xəbərlər