Məktəbli çantalarının düzgün seçilməsi uşaqların sağlamlığı üçün çox vacibdir. Mütəxəssislər bildirirlər ki, məktəblilər üçün ən uyğun variant iki çiyinə taxılan rükzak tipli çantalardır. Bu zaman yük hər iki çiyinə bərabər paylanır və onurğaya düşən təzyiq azalır. Çantanın bir tərəfdə və ya əldə daşınması isə məsləhət görülmür, çünki bu, bədənin tarazlığını pozur və onurğaya əlavə yük salır.
Operativ Media xəbər verir ki, ortoped-travmatoloq Rəşad Zeynalovun sözlərinə görə, ağır çantalar onurğa sütununa mənfi təsir göstərir və nəticədə müxtəlif skelet və əzələ problemləri yarana bilər.
O, xüsusilə belə hallarda kürək və bel ağrılarının, əzələ spazmlarının və duruş pozğunluqlarının yarandığını qeyd edib:
"Ağır hallarda skolyoz və digər onurğa əyrilikləri daha da dərinləşə bilər. Skolyozu olan uşaqlar üçün ağır çantalar xüsusilə təhlükəlidir, çünki bu, xəstəliyin gedişatını ağırlaşdıra və əyriliyin dərəcəsini artıra bilər. Buna görə də belə uşaqlara ağır çiyin çantaları daşımaq qətiyyən tövsiyə edilmir.
Məktəblilərin daşıdıqları çantaların çəkisinə diqqət yetirilməlidir. Uşağın çantasının çəkisi onun bədən çəkisinin 10–15 faizindən artıq olmamalıdır. Bu qaydalara əməl etmək uşaqlarda düzgün duruşun formalaşmasına və onurğa sağlamlığının qorunmasına kömək edir".
Ayşən Sadıxzadə