Qastroezofageal reflüks (QER) mədə turşusunun və ya mədə məzmununun qida borusuna (ezofaqusa) geriyə axması nəticəsində yaranan xəstəlikdir. Sadə dildə desək, mədədəki turşu və qida qalıqları yuxarı qalxaraq boğaza, bəzən isə ağıza qədər gələ bilir.
Bu barədə Operativ Media-ya qastroenteroloq Ülviyyə Talıbova məlumat verib.
Həkimin sözlərinə görə, normal halda mədə ilə qida borusu arasında yerləşən aşağı ezofageal sfinkter adlı klapan mədə turşusunun yuxarı qalxmasının qarşısını alır. Lakin reflüks zamanı bu klapan tam bağlanmadığı üçün turşu yuxarıya sızır.
Xəstəliyin əsas əlamətləri:
— Sinə yanğısı (xüsusilə yeməkdən sonra və ya uzananda)
— Boğazda turş dad və ya acılıq hissi
— Səs tutulması, boğazda qıcıqlanma
— Daimi öskürək (xüsusilə gecələr)
— Udqunarkən narahatlıq və ağrı
— Mədədə dolğunluq və köp hissi
Risk amilləri:
— Artıq çəki
— Qazlı içkilər, qəhvə, qızardılmış və yağlı yeməklər
— Siqaret və alkoqol istifadəsi
— Yeməkdən dərhal sonra uzanmaq
— Gərgin geyimlər və beldən sıxan kəmərlər
— Hamiləlik
Müalicə və profilaktika tədbirləri:
Ülviyyə Talıbovanın sözlərinə görə, reflüks xəstəliyindən qorunmaq və ya onun əlamətlərini azaltmaq üçün düzgün qidalanma və həyat tərzi çox önəmlidir.
Yeməkləri az-az, lakin tez-tez yemək, yeməkdən sonra ən azı 2–3 saat uzanmamaq, yuxu zamanı başı bir qədər yuxarıda saxlamaq lazımdır. Həmçinin yağlı, acılı, qazlı içkilərdən, qəhvə və şokoladdan uzaq durmaq məsləhətdir. Zərurət olduqda turşu azaldıcı dərmanlar məsələn, omeprazol və ya pantoprazol yalnız həkim nəzarəti altında qəbul edilməlidir.
Ayşən Sadıxzadə