"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son günlərdə dörd mühüm sammitdə iştirakı ölkə rəhbərinin sülhə, təhlükəsizliyə və qarşılıqlı əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir. Bu sammitlərin əsas mövzusu həm regionda, həm də ümumilikdə dünyada sülhün, etimad mühitinin, təhlükəsizliyin və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmişdir. Həmin tədbirlərdə dövlət başçısının səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər və təkliflər də məhz insan hüquqlarına hörmət, beynəlxalq sülhün qorunması və xalqlar arasında qarşılıqlı anlayış prinsiplərinə əsaslanır".
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Tahir Rzayev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Misirdə keçirilən sammitlərdə iştirakı və Misirin paytaxtında böyük ehtiramla qarşılanması, dünyanın aparıcı dövlətləri tərəfindən ona və Azərbaycan dövlətinə olan hörmətin, etimadın və siyasi nüfuzun göstəricisidir:
“Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyət tərəfindən sülhün, sabitliyin və beynəlxalq əməkdaşlığın tərəfdarı olan lider kimi qəbul edilir.
Azərbaycan Respublikası Yaxın Şərq dövlətləri ilə daim mehriban münasibətlərin və qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verir. Ərəb ölkələri, ABŞ və İsraillə münasibətlərin yüksək səviyyədə olması bu istiqamətdə aparılan siyasətin səmərəsini göstərir. Son illərdə keçirilən görüşlər, imzalanan sənədlər və qarşılıqlı əlaqələrin dərinləşdirilməsi bu əməkdaşlığın davamlı və qarşılıqlı faydalı xarakter daşıdığını sübut edir.
Yaxın Şərqdə münaqişələrin dayandırılması, atəşkəsə riayət edilməsi, dövlətlər arasında etimad mühitinin bərqərar olunması və əməkdaşlığın genişləndirilməsi həm regional, həm də qlobal sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın fəal mövqeyi və Prezident İlham Əliyevin bu proseslərdə oynadığı rol yüksək qiymətləndirilir. Onun beynəlxalq tədbirlərdə səsləndirdiyi sülh çağırışları, irəli sürdüyü təşəbbüslər və apardığı diplomatik fəaliyyət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Bütün bunlar göstərir ki, Azərbaycan dövləti sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarı olaraq, regional və qlobal təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verməkdə davam edir. Dövlət başçısının bu istiqamətdəki fəaliyyəti xalqımız üçün qürur mənbəyidir və ölkəmizin gələcək inkişafı, iqtisadi tərəqqisi və beynəlxalq aləmdə nüfuzunun artması üçün mühüm əhəmiyyət daşıyır”.
Ayşən Sadıxzadə