Millət vəkili: Azərbaycan həm ABŞ, həm ərəb ölkələri, həm də İsrail üçün etibarlı tərəfdaşdır

Nərmin Qocamanova
Millət vəkili: Azərbaycan həm ABŞ, həm ərəb ölkələri, həm də İsrail üçün etibarlı tərəfdaşdır

"Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etimadın, sabitliyin və dialoqun mərkəzinə çevrilməkdədir. Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsində Azərbaycanın özünəməxsus yeri və nüfuzu hər keçən gün daha da artır. Xüsusilə Prezident İlham Əliyevin son aylarda iştirak etdiyi beynəlxalq sammitlər, o cümlədən bu ayın birinci yarısında baş tutan dörd mühüm toplantı, Azərbaycanın artıq qlobal siyasətdə söz sahibi olan dövlətə çevrildiyini aydın şəkildə göstərdi. Bu tədbirlər içərisində ən diqqət çəkəni isə Yaxın Şərqdə keçirilən sammit oldu. Burada Prezident İlham Əliyevin iştirakı və çıxışı, Azərbaycanın regionda oynadığı rolun miqyasını və əhəmiyyətini bir daha nümayiş etdirdi".

Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Nurlan Həsənov deyib. 

O qeyd edib ki, Azərbaycan bu gün nadir ölkələrdəndir ki, həm ABŞ, həm ərəb dövlətləri, həm də İsrail tərəfindən etibar olunan tərəfdaş kimi qəbul olunur:

“Bu, heç də təsadüfi deyil. Bu etimadın əsasında Prezident İlham Əliyevin uzaqgörən və müstəqil siyasəti dayanır. Azərbaycan heç bir güc mərkəzinin təsiri altında deyil, əksinə, özü regional və qlobal güclər arasında balans yaradan, qarşılıqlı etimada əsaslanan siyasət yürüdür. Bu siyasət təkcə enerji və nəqliyyat layihələrində deyil, həm də diplomatik müstəvidə, humanitar və siyasi dialoqlarda özünü göstərir. Bakı artıq təkcə enerji mənbəyi deyil, həm də etimad körpüsünə çevrilib – Qərblə Şərqi, müsəlman dünyası ilə Avropanı, İsraillə ərəb ölkələrini birləşdirən körpü.

Yaxın Şərq sammitində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər region ölkələri tərəfindən dərin diqqətlə qarşılandı. Dövlət başçısının ədalət, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq çağırışları bu gün Yaxın Şərqin ən çox ehtiyac duyduğu prinsiplərdir. Azərbaycan bu prinsipləri sözlə deyil, əməli siyasətlə təsdiqləyib. Qarabağ müharibəsindən sonra bərpa olunan ədalət, regionda sülh və əməkdaşlıq üçün yeni imkanların açılması Azərbaycanın beynəlxalq imicini daha da gücləndirdi. İlham Əliyevin çıxışları təkcə diplomatik jest deyil, həm də Azərbaycanın ədalətə əsaslanan dövlətçilik fəlsəfəsinin təzahürüdür.

Bu gün dünya dövlətləri Azərbaycanın balanslı siyasətinə, ardıcıl və məsuliyyətli addımlarına hörmətlə yanaşır. ABŞ və Avropa İttifaqı üçün Azərbaycan enerji təhlükəsizliyinin təminatçısıdır. Ərəb ölkələri üçün o, islami həmrəyliyin və siyasi sabitliyin nümunəsidir. İsrail üçün isə Azərbaycan səmimi dost və rasional tərəfdaşdır. Belə bir etimad mühiti yalnız güclü liderliklə formalaşa bilərdi. Prezident İlham Əliyevin xarici siyasəti məhz bu liderliyin bariz nümunəsidir – təmkin, prinsipiallıq və uzaqgörənlik üzərində qurulmuş bir siyasət.

Azərbaycan artıq regionda və onun hüdudlarından kənarda sülh və dialoqun səsini ifadə edir. Bu, həm milli maraqlara sadiqliyin, həm də beynəlxalq ədalətə hörmətin təzahürüdür. Kiçik coğrafiyada yerləşsə də, Azərbaycan böyük dövlətlər arasında balans yarada bilən, sabitlik gətirən, etimad doğuran bir gücə çevrilib. Bu gücün arxasında isə xalqın birliyi, dövlətin müstəqilliyi və Prezident İlham Əliyevin liderliyi dayanır. Azərbaycanın Yaxın Şərqdə, eləcə də bütün dünyada qazandığı hörmət və nüfuz  sülhün, ədalətin və müstəqil siyasətin qalibiyyətidir”.

Ayşən Sadıxzadə

Digər xəbərlər