Xəstə heyvanın ətindən istifadənin insan sağlamlığına təsiri müxtəlif ola bilər. Bu, həm infeksion, həm zəhərlənmə, həm də mikrobioloji təhlükə yarada bilər.
Bu fikirləri Operativ Media-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib.
Onun sözlərinə görə, heyvan xəstəliklərinin bir neçə növü var və bu xəstəliklər müxtəlif yollarla ətə keçə bilər: "Zoonotik xəstəliklər heyvanlardan insanlara keçə bilən xəstəliklərdir. Məsələn, quduzluq, salmonellyoz, kampilobakterioz, brusellyoz, vərəm və digər bu kimi infeksiyalar bu qrupa daxildir. Əgər heyvanda bu mikroblar varsa, xəstə heyvanın ətindən istifadə insanı yoluxdura bilər. Ət düzgün bişirilmədikdə bakteriyalar sağ qala və infeksiyaya səbəb ola bilər.
Bəzi virus xəstəlikləri də heyvan ətində ola bilər. Adətən, bu viruslar bişmə və emal prosesi zamanı məhv olur, lakin xəstə heyvanlarda virusların olması insan sağlamlığı üçün müəyyən risk yaradır.
Parazitar xəstəliklər də insanlara keçə bilən təhlükələrdəndir. Heyvanda toksoplazma, trixinella, exinokok kimi parazitlər olduqda və ət düzgün emal edilmədikdə, bu parazitlər insan bədəninə keçə bilər".
Fərid Səfərovun sözlərinə görə, xəstə heyvan orqanizmində yem toksinləri, dərman qalıqları, antibiotiklər, hormonlar, ağır metallar kimi zərərli maddələr toplanmış ola bilər Bu maddələr ətə keçərək insan üçün kimyəvi və toksik təhlükə yarada bilər.
Mütəxəssis qeyd edib ki, bu kimi hallardan qorunmaq üçün bir sıra qaydalara əməl etmək vacibdir: "Heyvanların sağlamlığına diqqət yetirmək, xəstəlik əlamətləri müşahidə edildikdə baytarlıq xidmətinə müraciət etmək lazımdır. Ət və içalat mütləq baytarlıq-sanitar ekspertizasından keçirilməlidir. Ət tam bişirilməli, bişirmə temperaturu mikrobları öldürəcək səviyyədə olmalıdır. Ət, süd və digər məhsullar düzgün saxlanmalı, soyuq zəncir qaydalarına əməl edilməlidir.
Bundan əlavə, əgər bölgədə dabaq və ya digər zoonotik xəstəliklər yayılıbsa, peyvənd və profilaktik tədbirlər vaxtında görülməlidir. Heyvanların yemi və yaşadığı mühit təmiz saxlanmalı, parazit və baytarlıq nəzarəti davamlı aparılmalıdır"