Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında keçirilən 31-ci iclasını açıb və hava hücumundan müdafiə sahəsində də daxil olmaqla, gələcək yardımı vəd edib.
Operativ Media xəbər verir ki, o, bu barədə oktyabrın 15-də Brüsseldə bildirib.
"Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik və genişləndirəcəyik.
Yeni müqavilələrlə Almaniya 500 milyon ABŞ dolları dəyərində ayrıca paket də daxil olmaqla, 2 milyard avrodan çox əlavə yardım göstərəcək. Paketə hava hücumundan müdafiə sistemləri, Patriot HHM, radar sistemləri, yüksək dəqiqlikli artilleriya raketləri və sursat daxildir", - Pistorius bildirib.
Nazirin sözlərinə görə, Almaniya, həmçinin "çoxlu sayda" idarə olunan raketlərə malik iki IRIS-T sistemi, eləcə də portativ zenit-raket kompleksləri üçün yeni müqavilələr vasitəsilə Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləməyə davam edəcək. Bundan əlavə, Almaniya müasir tank əleyhinə silahlar, rabitə vasitələri və müasir atıcı silahlar tədarük edəcək.
O, artıq Ukraynaya təhvil verilmiş silah sistemlərinin modernləşdirilməsi və xidmət müddətinin uzadılması üzrə irimiqyaslı layihənin başlanması barədə məlumat verib.
Pistoriusun sözlərinə görə, bu, tədarük edilən silahların döyüş meydanındakı dəyişikliklərə uyğunlaşdırılmasını və Ukrayna Silahlı Qüvvələri tərəfindən bundan sonra da səmərəli şəkildə istifadə olunmasını təmin edir.
Nazir, həmçinin Almaniya və Ukraynanın müdafiə sənayesi sahələri arasında əməkdaşlığın genişləndirilməsini vurğuladı və bugünkü görüşdən sonra ukraynalı həmkarı Denis Şmıqal ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalandığını bildirdi.