İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevanın iştirak etdiyi nümayəndə heyəti Milli Məclis və Prezident Administrasiyasının nümayəndələri ilə birgə Türkiyənin Ankara şəhərinə səfər edib.
Dövlət Vergi Xidmətindən Operativ Media-ya bildirilib ki, səfər Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən təşkil olunub və iqlim qanunvericiliyi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində nazirlik tərəfindən istixana qazı emissiyalarının izlənməsi, hesabatlılıq və yoxlama sistemi (MRV), Emissiya Ticarət Sistemi (ETS), yaşıl taksonomiya, iqlim maliyyələşməsi, Yerli İqlim Dəyişikliyi Fəaliyyət Planları (YİDEP) və iqlim dəyişikliyinə uyğunlaşma siyasətləri mövzularında təqdimatlar keçirilib. Görüşlər zamanı İqlim Qanununun müvafiq maddələri üzrə təcrübə və fikir mübadiləsi aparılıb, Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin iqlim dəyişiklikləri ilə bağlı atdığı addımlar, karbon qiymətqoyma təşəbbüsləri və davamlı inkişaf siyasəti barədə məlumat verilib.
Səfər çərçivəsində, həmçinin Türkiyə Gəlir İdarəsi Başqanının müavini Mehmet Arabacı ilə görüş də keçirilib. Türkiyənin Ticarət Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM) və bu sahədə həyata keçirilən islahatlar müzakirə olunub.
Bundan əlavə, nümayəndə heyəti Türkiyənin “Oyak Çimento” zavoduna baxış keçirərək, müəssisənin istehsal prosesi, karbonlu texnologiyaların tətbiqi, enerji səmərəliliyi, alternativ yanacaq və xammal mənbələrindən istifadə, emissiyaların azaldılması və tullantıların təkrar emalı sahəsində gördüyü işlərlə tanış olub. Müəssisədə enerji istehlakının optimallaşdırılması, bərpaolunan enerji mənbələrinin tətbiqi və dayanıqlı istehsal zəncirinin qurulması istiqamətində layihələrin icra olunduğu qeyd edilib.
Aparılan müzakirələr sənaye sektorunda yaşıl keçid modellərinin təşviqi, iqlimə uyğun istehsal təcrübələrinin öyrənilməsi, beynəlxalq iqlim siyasəti və hədəflərinin ölkə səviyyəsində tətbiqi, iqlim siyasəti təcrübələrində Avropa İttifaqının atdığı addımlara (CBAM-a) münasibətdə dövlətlərin və sahibkarların hazırlıq səviyyəsi və bir sıra institusional və hüquqi çərçivələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Eyni zamanda, səfər regional və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi üçün yeni imkanlar yaradıb.
Şəkil Qalereyası


