Ramiz Mehdiyevin şəbəkəsində kimlər var?

Operativ Media
Baxış: 7166
Ramiz Mehdiyevin şəbəkəsində kimlər var?

Ramiz Mehdiyevin həbsi onun ətrafına, onunla yaxın olanlara, iddialarına şərik çıxanlara və ya belə iddialara düşənlərə aydın mesajdır.

Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü “hakimiyyətin bolşeviki” hesab edən Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, bu xəyanətkar şəbəkənin digər üzvləri tövbə edib, aidiyyəti yerdə sədaqət andı içməlidirlər.

Əlbəttə ki, Ramiz Mehdiyevin “qara kassası” Ziya Məmmədov da kənarda qalmamalıdır. Yeri gəlmişkən, Ziya Məmmədovun Göyçayda Mehdiyev üçün tikdirdiyi böyük villa hələ də yerində qalır. Elə bu şirin əlaqələrin nəticəsi idi ki, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı “sadiqləri” arasında başda Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov dayanırdı. Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi və Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurulması, onun idarə edilməsi ilə məşğul olan əsas iki adamdan biri idi.

Ramiz Mehdiyevin dəstəsində “Tərtər işi”nə görə məhkəmə sistemindən uzaqlaşdırılmış Kamal Əliyev də var idi. Ramiz Mehdiyev ordakı tapşırıqlarını yerinə yetirən Kamal Əliyevi Akademiyanın hüquq şöbəsinin müdiri vəzifəsinə təyin etməklə işsiz qoymamışdı. Sabiq PA rəhbəri kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi isə işlər idarəsinə müdir təyin etmişdi.

Məlumatlara görə, Elton Məmmədov vasitəsilə Ziya Məmmədov da Mehdiyevlə daim əlaqədə olub.

Ramiz Mehdiyevdən “dövlət adamı” obrazı düzəltməyə çalışan və onu “atası” adlandıran Zahid Oruc, Mehdiyevi “böyük şəxsiyyət” hesab edən Məlahət İbrahimqızı və digər deputatlar, ayrı-ayrı orqanlarda oturanlar bilməlidirlər ki, nankorluğun, xəyanətin sonu acınacaqlı olur.

Adnan Əhmədzadə və Ramiz Mehdiyev

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Ramiz Mehdiyevin siyasi planlarının və xəyanətinin ifşa olunması bir müddət əvvəl Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxta təsadüf edir.

Adnan Əhmədzadə öz əməli ilə Azərbaycanın əsas ixrac məhsulu olan nefti, ötürücü kəmərləri, tankerləri , zavodları sıradan çıxardı, ölkəyə böyük maliyyə və iqtisadi zərbə vurdu, ən əsası isə, ölkəmizin beynəlxalq müstəvidə etibarını sarsıtmağa çalışdı. Onun bunu tamah məqsədilə etdiyi, yoxsa diversiya həyata keçirdiyini istintaq daha dəqiq müəyyənləşdirəcək.

Ramiz Mehdiyev isə siyasi diversiya planları quraraq, onu həyata keçirtməyə çalışdı. Bu təxribatların eyni vaxtda baş verməsi təsadüf olmaya da bilər. Hər halda, aidiyyəti orqanlar məsələni tam araşdırıb həqiqəti üzə çıxaracaqlar.

APA

Digər xəbərlər