Azərbaycan və Ermənistan arasında sülh sazişi daha geniş regional əməkdaşlıq və inteqrasiya üçün yol aça bilər.
Bu barədə Operativ Media Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir.
IMF-in hesabatına görə, Mərkəzi Asiya və Qafqaz (CCA) regionu ölkələrində fiskal siyasət 2025-ci ildə ümumiyyətlə ekspansionist olacaq, lakin 2026-cı ildən məhdudlaşdırıcı kursa keçid gözlənilir.
"Buna Azərbaycanda kapital xərclərinin azaldılması və Qazaxıstanda qeyri-neft gəlirlərinin artırılmasına yönəlmiş fiskal islahatların həyata keçirilməsi töhfə verəcək. Əsas istisnalar Qırğızıstan və Tacikistan olacaq. Burada fiskal siyasətin orta müddətli perspektivdə ekspansionist olaraq qalacağı proqnozlaşdırılır. Buna əsasən kapital xərclərinin artması səbəb olacaq", - IMF vurğulayır.
Sənəddə həmçinin qeyd olunur ki, CCA regionunda orta müddətli iqtisadi artım templəri cari proqnozları üstələyə bilər. Buna isə uzunmüddətli infrastruktur investisiyaları və Ukraynadakı münaqişənin nəticələri ilə bağlı son hadisələrin müsbət təsirlərinin daha davamlı olması kömək edə bilər.
IMF ekspertlərinin qiymətləndirməsinə görə, bu, region ölkələrinin potensial ÜDM-ni baza səviyyəsindən yuxarı qaldıra bilər.
IMF cari ildə CCA regionunda iqtisadi artımın 5,6 %, 2026-cı ildə 4,7 %, 2030-cu ildə isə 4 % olacağını proqnozlaşdırır. Neft ixrac edən ölkələrdə ÜDM artım tempi 2025-ci ildə 4,9 %, 2026-cı ildə 4 %, 2030-cu ildə isə 3,1 % gözlənilir.
Neft idxal edən ölkələrdə iqtisadi artımın 2025-ci ildə 6,8 %, 2026-cı ildə 5,7 % və 2030-cu ildə 5,4 % təşkil edəcəyi proqnozlaşdırılır.