İnsan qidalanmasının əsas tərkib hissələrindən biri olan un gündəlik həyatımızda mühüm yer tutur. Lakin bazarda mövcud olan müxtəlif un növləri (ağ, qara, tam buğda, çovdar, yulaf və digərləri) bir sual doğurur: hansı un daha faydalıdır?
Müasir dövrdə bir çox insan sağlam qidalanmağa üstünlük verir və ağ undan uzaq durmağa çalışır. Ancaq unun faydası yalnız rənginə və ya növünə görə deyil, onun emal dərəcəsinə, tərkibindəki lif, vitamin və minerallara görə müəyyən olunur. Buna görə də düzgün un seçimi həm sağlamlıq, həm də balanslı qidalanma üçün vacib amildir.
Mövzu ilə bağlı Operativ Media-ya açıqlama verən qida mühəndisi, nutrisioloq Fərid Səfərov ən çox istifadə olunan un növləri və onların faydalarından danışıb:
O bildirib ki, tam buğda unu ən balanslı və faydalı un növlərindən biridir:
"Tərkibində lif, B qrup vitaminləri, maqnezium, sink və dəmir var. Bu un bağırsaq mikroflorasını qoruyur, qəbizliyin qarşısını alır və qanda şəkərin səviyyəsini sabit saxlayır. Gündəlik çörək, lavaş, pankeyk və digər xəmir işlərində ağ unla qarışıq şəkildə istifadə edilə bilər.
Yulaf ununun tərkibində yüksək miqdarda lif və protein, həmçinin β-qlukan maddəsi var. O, xolesterolu aşağı salır, ürək-damar sistemini qoruyur, toxluq hissini uzadır və insulin həssaslığını artırır. Arıqlamaq və şəkər balansını saxlamaq istəyənlər üçün ideal seçimdir.
Çovdar unu lif, kalsium, fosfor və maqneziumla zəngindir. Mədə turşuluğunu azaldır, bağırsaq fəaliyyətini yaxşılaşdırır və probiotik təsir göstərir. Özünəməxsus bir qədər turş və ətirli dada malikdir. Bağırsaq sağlamlığı üçün faydalı sayılır.
Qarabaşaq unu yüksək miqdarda protein və antioksidantlarla zəngindir. Qlütensiz olduğu üçün pəhrizlərdə geniş istifadə olunur və qan şəkərini sabit saxlamağa kömək edir.
Noxud və mərcimək unları bitki mənşəli protein, dəmir və fol turşusu ilə zəngindir. Bu unlar əzələ və toxumaların bərpasına kömək edir və yüksək proteinli pəhrizlərdə faydalı hesab olunur.
Ağ buğda unu, yəni rafinə olunmuş və ya ağardılmış un, lif və vitamin baxımından çox kasaddır. Yalnız enerji verir, lakin qida dəyəri azdır. Bu səbəbdən gündəlik istifadə üçün uyğun sayılmır və miqdarı məhdudlaşdırılmalıdır.
Badam unu üyüdülmüş badamdan hazırlanır. Tərkibində E vitamini, maqnezium, Omeqa-3 yağ turşuları və faydalı yağlar mövcuddur. Bu un zülal və sağlam yağ baxımından zəngindir, ürək-damar sağlamlığını qoruyur və qan şəkərini sabit saxlayır. Liflə zəngin olduğu üçün uzunmüddətli toxluq hissi yaradır və artıq çəkinin qarşısını alır. Qlütensiz olması səbəbindən çölyak xəstəliyi və qlütən həssaslığı olan şəxslər üçün uyğundur. E vitamini sayəsində dərini qidalandırır və hüceyrə yenilənməsini dəstəkləyir. Lakin yüksək kalorili olduğuna görə pəhriz zamanı miqdarına diqqət edilməlidir.
Düyü unu ağ və ya qəhvəyi düyünün üyüdülməsi ilə əldə olunur. Daha yüngül tərkibli olduğuna görə bir çox yeməklərdə buğda ununun əvəzi kimi istifadə edilir. Qlütensiz olduğu üçün mədə-bağırsaq sistemi üçün yüngüldür və xüsusilə uşaq qidalarında geniş tətbiq olunur. Düyü ununda allergiya yaradan maddələr çox azdır, buna görə də həssas orqanizmlər üçün uyğundur. Karbohidratla zəngin olduğu üçün bədəni tez enerji ilə təmin edir, idman edənlər üçün faydalıdır. Tərkibindəki B qrup vitaminləri dərini yumşaldır, saç və dırnaqları möhkəmləndirir. Aşağı yağ tərkibli olması ilə pəhriz və balanslaşdırılmış qidalanmada əhəmiyyətli yer tutur.
Qida dəyərinə görə badam unu daha zəngindir, lakin düyü unu həzm və allergiya baxımından daha yüngüldür. Sağlam qidalanma üçün bu iki un növündən növbəli şəkildə istifadə etmək tövsiyə olunur.
Badam və düyü unu həm sağlam, həm də təbii alternativlərdir. Əgər məqsədiniz zülalla zəngin və doyurucu qidalanmaqdırsa, badam ununu seçmək daha məqsədəuyğundur. Əgər yüngül, asan həzm olunan və qlütensiz bir seçim axtarırsınızsa, düyü unu daha münasibdir. Əsas məsələ bu unları təbii formada, düzgün miqdarda və balanslı şəkildə gündəlik rasiona daxil etməkdir. Sağlam qidalanmaq və bağırsaq balansını qorumaq istəyən hər kəs üçün düzgün seçim etmək mümkündür".






