Rizvan Nəbiyev: İqtisadi resurslar dövlətin suverenliyinin möhkəmlənməsində əsas amildir

Operativ Media
Rizvan Nəbiyev: İqtisadi resurslar dövlətin suverenliyinin möhkəmlənməsində əsas amildir

Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev çıxış edib.

Deputat çıxışında qeyd edib ki, iqtisadi resurslar hər bir dövlətin xarici siyasət prioritetlərinin müəyyən edilməsində onun coğrafi mövqeyi qədər mühüm rol oynayır:

“Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin möhkəmləndirilməsində həm coğrafi mövqedən, həm də iqtisadi potensialdan məharətlə istifadə edib. Lakin torpaqlarımızın işğal altında olması uzun illər ərzində bu imkanların tam reallaşmasına mane olurdu.”

Rizvan Nəbiyev vurğulayıb ki, ərazi bütövlüyünün bərpasından sonra Prezident İlham Əliyev iqtisadi suverenliyin möhkəmləndirilməsi istiqamətində prinsipial siyasət həyata keçirir. Deputat 2023-cü ilin aprelində Laçında, Həkəri çayı üzərində dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasını bu siyasətin bariz nümunəsi kimi dəyərləndirib.

O, həmçinin bildirib ki, iqtisadi müstəqillik həm daxili, həm də xarici suverenliyin əsas dayağıdır:

“Bu gün Azərbaycan 25 dövlətlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Sərmayələrin qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması kimi sahələrdə imzalanan müqavilələr iqtisadi müstəqilliyimizin möhkəmlənməsinə xidmət edir.”

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin sülh gündəliyi və ölkənin iqtisadi potensialı regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradır:

“Rəqəmsal İpək Yolu”, yaşıl enerjinin tranziti və ixracı kimi yeni əməkdaşlıq sahələri Azərbaycanın iqtisadi suverenliyini daha da möhkəmləndirir.”

Digər xəbərlər