Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq prosesi davam edir.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Diplomatın sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna məsələsi ilə bağlı “non-paper” formatında heç bir sənəd mübadiləsi aparmayıb.
“Biz bildiririk ki, sammitə hazırlıq davam edir. Mən ciddi maneələr görmürəm”, – deyə Ryabkov vurğulayıb. O qeyd edib ki, əsas məsələ Ankoricdə keçirilmiş görüşdə prezidentlər tərəfindən müəyyənləşdirilən parametrlərin “konkret məzmunla doldurulmasıdır”. Bu isə çətin, lakin zəruri prosesdir.
Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, bəzi qüvvələr Rusiya və ABŞ-ın razılığa gəlməsinə və liderlərin yeni görüşünün keçirilməsinə mane olmağa çalışırlar. “Vəziyyəti əvvəlki dövrlə müqayisədə dəyişmiş kimi təqdim etmək cəhdləri var. Mən bunu razılığa gəlmək şansını azaltmaq üçün düşünülmüş cəhdlə əlaqələndirirəm”, – deyə diplomat qeyd edib.
S.Ryabkov hesab edir ki, Qərb mediasında anonim mənbələrə istinadla yayılan çoxsaylı şayiələr və məlumat sızmaları “işin xeyrinə deyil”. O, həmçinin bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubionun Budapeştdə görüşü barədə razılıq hələ əldə olunmayıb.