Litva hava məkanının pozulmasına görə Belarusa etiraz edib.
Operativ Media xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, Belarusun müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona hava məkanının dəfələrlə pozulması ilə bağlı etiraz notası təqdim edilib.
Belə ki, oktyabrın 21-i axşam saatlarında radar Belarus ərazisindən Litvanın hava məkanına bir qrup hava şarının qanunsuz daxil olmasını aşkarlayıb.
"Hadisə mülki aviasiya və ictimai təhlükəsizliyə təhlükə yaradıb, Vilnüs hava limanının normal fəaliyyətinin pozulmasına görə də maddi ziyan dəyib", - Litva XİN-dən bildirilib.
Nazirlik bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi vurğulayaraq Belarusu öz hava məkanına lazımi nəzarəti təmin etməyə çağırıb, Litvanın hava məkanının Belarus tərəfindən pozulmasının əvvəlki hallarını xatırladıb, araşdırma aparılmasını və növbəti insidentlərin qarşısının alınmasını tələb edib.
XİN həmçinin xəbərdarlıq edib ki, qeyri-qanuni hava məkanı pozuntuları təkrarlanarsa, Vilnüs müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.