Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Rusiyanın kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinən 3 nəfər həbs olunub.
Operativ Media xəbər verir ki, Metropolitan Polisi 44, 45 və 48 yaşlı şəxslərin paytaxtın qərb və mərkəzi bölgələrində keçirilən əməliyyat zamanı Terrorizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildiriblər.
Onlar Milli Təhlükəsizlik Aktının 3-cü maddəsinə əsasən həbs ediliblər. Həmin maddə “xarici kəşfiyyat xidmətinə Birləşmiş Krallıqla bağlı fəaliyyətlərdə əhəmiyyətli yardım göstərmək” kimi halları əhatə edir. Bu maddə ilə təqsirli bilinən şəxslər 14 ilədək azadlıqdan məhrum edilə və ya cərimələnə bilərlər.
Polis bildirib ki, hazırda saxlanılan şəxslərlə bağlı araşdırma davam edir və Londonda bir neçə ünvanda axtarış aparılır.
Terrorizmlə Mübarizə İdarəsinin rəhbəri Dominik Mörfi bildirib ki, son dövrlər xarici kəşfiyyat xidmətləri tərəfindən vasitəçi kimi cəlb olunan şəxslərin sayı artıb.