"Azərbaycanın hazırda 25 dövlətlə strateji tərəfdaşlıq münasibətləri var, bunların arasında çox az sayda dövlətlə müttəfiqlik barədə beynəlxalq müqavilə imzalanıb".
Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rizvan Nəbiyev bildirib.
O əlavə edib ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi strateji əhəmiyyətlə yanaşı, həm də rəmzi məna daşıyırdı:
"Tokayevin Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə və sülh gündəliyinə mətbuat qarşısında verdiyi qiymət xüsusi əhəmiyyəti ilə seçilir: "İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır".
Nəzərə alsaq ki, Prezident Tokayev ixtisasca diplomatdır və diplomatik dildə də hər sözün və ifadənin öz çəkisi var, verilən dəyər həm də Qalib Azərbaycana göstərilən yüksək ehtiramdır.
Prezident İlham Əliyevin beynəlxalq platformalarda təqdir olunan sülh gündəliyinə verilən qiymət də çox vacibdir. Prezidentin sülh təşəbbüsləri həm Azərbaycanın rifahı naminə, həm də əlbəttə ki, beynəlxalq şəraitin sağlamlaşdırılması üçün fəaliyyətlər və görülən işlərdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyini intensiv şəkildə irəlilətməsinə dair ən tutarlı arqumentlərdən biri, son dörd ay ərzində keçirilmiş yüksək səviyyəli görüşlərin intensiv qrafikidir.
Həmçinin Prezidentin sülh gündəliyinin parlament diplomatiyası vasitəsi ilə təqdimatına diqqəti cəlb etmək istərdim. Bu mənada Milli Məclis sədrinin Cənubi Afrika, Malayziya və Cenevrə şəhərinə etdiyi səfərlər, beynəlxalq parlament müstəvilərində etdiyi çıxışlar bunun bariz nümunəsidir".






