Azərbaycan regionda sülh və sabitliyə töhfə verən etibarlı tərəfdaş imicini gücləndirib.
Operativ Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Avstriyanın paytaxtı Vyanada keçirilən "Beynəlxalq sülh və təhlükəsizlikdə neytral və qoşulmayan ölkələrin rolu" mövzusundakı konfransda bildirib.
Onun sözlərinə görə, 2011-ci ildən etibarən Azərbaycanın Qoşulmama Hərəkatına qoşulması ölkənin Bandunq prinsiplərinə sadiqliyini nümayiş etdirib. Bu siyasi xətt hazırda da davam etdirilir və Azərbaycan regional əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərə, xüsusilə Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xüsusi önəm verir.
BMTM sədri qeyd edib ki, Soyuq Müharibədən sonra Azərbaycan müxtəlif istiqamətlərdə - həm Müstəqil Dövlətlər Birliyi (MDB), həm də Avrointeqrasiya çərçivəsində - əməkdaşlıq imkanlarını dəyərləndirsə də, mövcud geosiyasi vəziyyət ölkəmizi balanslaşdırılmış və praqmatik xarici siyasət xətti yürütməyə vadar edib:
"2019-2023-cü illərdə Hərəkata sədrliyimiz dövründə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, pandemiya dövründə ədalətli vaksin bölgüsünün təşviqi, eləcə də "Qoşulmama Hərəkatı Gənclər Təşkilatı" və Parlament Şəbəkəsinin yaradılması kimi vacib təşəbbüslərlə çıxış edib".
F.Şəfiyev bildirib ki, Azərbaycan beynəlxalq hüququn əsas norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasını hər zaman prioritet hesab edib:
"2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ədalətli mövqeyini dəstəkləyib. Bu həmrəy mövqe Hərəkat daxilində qarşılıqlı etimad və dostluğun bariz nümunəsi kimi dəyərləndirilib".
BMTM sədri, həmçinin rəsmi Bakının beynəlxalq platformalarda dialoqun, çoxtərəfliliyin və beynəlxalq ədalətin təşviqinə yönəlik təşəbbüsləri dəstəkləməyə davam etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir Azərbaycanın Avstriyadakı səfirliyin dəstəyi ilə BMTM, Müharibə Nəticələrinin Araşdırılması üzrə Lüdviq Boltsmann İnstitutu və Vyana Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndə Rövşən Sadıqbəyli, eləcə də Vyana Diplomatik Akademiyasının direktor müavini Martina Şubert açılış nitqləri ilə çıxış ediblər. Daha sonra ekspertlər mövzu ətrafında fikir mübadiləsi aparıblar.






