Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 24-də Ankarada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
TÜRKPA-dan Operativ Media-ya bildirilib ki, Baş katibi təbrik edən C.Yılmaz ona fəaliyyətində uğurlar arzu edib.
R.Həsən vitse-prezidentə Parlament Assambleyasının fəaliyyətinə dair məlumat verib. O, TÜRKPA-nın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşərək, parlament dialoqunun gücləndirilməsinə, qanunvericilik koordinasiyasının təşviqinə, türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək layihələri vurğulayıb.
Baş katib, həmçinin bu cür fəaliyyətlərin Qazaxıstanın hazırkı sədrliyi dövründə uğurla davam etdirildiyini və həyata keçirildiyini diqqətə çatdırıb.
Vitse-prezident C.Yılmaz Türkiyənin TÜRKPA-nın missiyasının dəstəklənməsi istiqamətində öhdəliyini bir daha təsdiqləyib və türk dövlətləri arasında birlik, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələr zamanı, eyni zamanda, qardaşlıq münasibətlərinin genişləndirilməsi və Türk dünyasında daha güclü tərəfdaşlığın təşviqi məqsədilə gələcək təşəbbüslər müzakirə olunub.
Şəkil Qalereyası







