"Zülal bədənimizdə əzələlərin, dərialtı toxumaların, hormonların, fermentlərin və immun sisteminin əsas hissəsi kimi mühüm rol oynayır. Zülal çatışmazlığı zamanı əzələ kütləsinin azalması, yorğunluq, saç və dırnaq problemləri, tez-tez xəstələnmə, bədən hissələrində şişkinlik (ödəm) kimi hallar müşahidə oluna bilər".
Bunu Operativ Media-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, bu çatışmazlığı aradan qaldırmaq üçün qidalanmanı düzgün tənzimləmək vacibdir.
"Diyeti zülal mənbələri ilə zənginləşdirmək əsas addımdır. Heyvan mənşəli zülal mənbələrinə yumurta, toyuq, balıq, qırmızı ət və süd məhsulları daxildir. Bitki mənşəli mənbələr isə paxlalılar (mərcimək, noxud, lobya), qoz-fındıq, toxumlar və tam taxıllardır.
Hər bir insanın gündəlik zülal ehtiyacı fərqli olsa da, orta hesabla bədən çəkisinin hər kiloqramına görə 0.8 qram zülal qəbul etmək tövsiyə olunur. Aktiv şəkildə idmanla məşğul olan, əzələ artırmaq istəyən və yaşı irəliləmiş şəxslər üçün bu göstərici daha yüksək ola bilər.
Zülalı gün ərzində bərabər şəkildə qəbul etmək vacibdir. Yəni zülal təkcə bir yeməkdə deyil, səhər, günorta və axşam yeməklərində paylanmalıdır. Bu, həm doyuruculuğu artırır, həm də əzələlərin bərpasına kömək edir".
O, bildirib ki, zülalın keyfiyyətinə də diqqət etmək lazımdır:
"Tam zülallar orqanizmin özünün sintez edə bilmədiyi bütün vacib amin turşularını ehtiva edir. Xüsusilə bitki əsaslı qidalanan insanlar müxtəlif bitki mənbələrini birləşdirərək bu tarazlığı təmin etməlidirlər.
Bəzi sağlamlıq problemləri, məsələn, həzm sistemi, qaraciyər və ya böyrək funksiyaları ilə bağlı pozğunluqlar, zülal çatışmazlığı riskini artıra bilər. Belə hallarda mütləq həkim və ya dietoloqla məsləhətləşmək lazımdır.
Əgər zülal çatışmazlığı ciddi səviyyədədirsə və qida ilə bərpa mümkün deyilsə, protein tozları kimi qida əlavələri faydalı ola bilər. Amma bu, yalnız həkim və ya dietoloq məsləhəti ilə istifadə edilməlidir.
Zülal təkcə əzələlər üçün deyil, həm də immun sisteminin, dərinin, saç və dırnaqların sağlamlığı, eləcə də enerji səviyyəsinin qorunması üçün vacibdir.
Hər gün qəbul etdiyiniz üç əsas yeməyin tərkibində zülal mənbəyi olduğundan əmin olun. Məsələn, səhər yeməyində yumurta və süd, günorta yeməyində paxlalı salat və ya toyuq filesi, axşam yeməyində isə balıq və tərəvəz seçmək məqsədəuyğundur.
Əgər tez-tez yorğun hiss edirsinizsə, əzələ kütləniz azalır və ya saç-dırnaqlarınız zəifləyirsə, bu, zülal çatışmazlığının əlaməti ola bilər. Belə halda mütəxəssisə müraciət etmək vacibdir".






