Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığa dair yeni saziş imzalanacaq

Operativ Media
Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığa dair yeni saziş imzalanacaq

Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir, bilik mübadiləsi, tibb işçilərinin hazırlanması və səhiyyə müəssisələri arasında üfüqi tərəfdaşlıqların inkişafı istiqamətində birgə fəaliyyət planı həyata keçirilir. Sabah isə Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığa dair yeni ikitərəfli saziş imzalanacaq. Bu saziş bir sıra əsas əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Operativ Media xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

O deyib ki, bu sazişə həkimlərin tanışlıq və işgüzar səfərlərinin təşkili, birgə cərrahi əməliyyatların, həmçinin çoxprofilli reabilitasiya komandaları üçün təlimlərin, eləcə də aparıcı ekspertlərin iştirakı ilə seminar və təlimlərin keçirilməsi daxildir. “Saziş, həmçinin səhiyyə və tibbi elmin prioritet mövzuları üzrə birgə layihələrin hazırlanmasını, elmi tədqiqatların beynəlxalq indeksli jurnallarda nəşrini, tələbə və müəllim mübadilə proqramlarının, eləcə də ikili diplom proqramlarının inkişafını nəzərdə tutur. Digər istiqamət isə elmi və akademik kadrların birgə hazırlanmasıdır. Bu, uyğunlaşdırılmış ixtisas tələbləri əsasında davamlı təhsil və peşəkar inkişaf proqramlarını əhatə edəcək. Tibb universitetləri və elmi-tədqiqat institutları arasında akademik mübadilə və birgə elmi fəaliyyətlər də gücləndiriləcək, xüsusilə eksperimental, klinik və profilaktik tibb sahələrində. Bundan əlavə, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə mürəkkəb klinik halların birgə müalicəsi və əməliyyatların aparılması üçün şərait yaradılması müzakirə olunur. Həkimlər üçün ixtisasartırma proqramlarının işə salınması da planlaşdırılır. Azərbaycan ərazisində Ukrayna tibb universitetinin filialının açılması, həmçinin Xarkov Milli Tibb Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əlaqələrin dərinləşdirilməsi imkanları nəzərdən keçirilir. Xüsusi diqqət klinik və profilaktik tibb sahəsində birgə elmi tədqiqatlara, eləcə də dərman istehsalının lokallaşdırılması və farmasevtik məhsullar üzrə ikitərəfli ticarətin inkişafına yönəldilib”,- deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna və Azərbaycan arasında 1999-cu ildə imzalanmış “Farmasevtika sənayesində əməkdaşlıq haqqında” Saziş dərman istehsalı və dövriyyəsi sahəsində ikitərəfli əməkdaşlığın hüquqi əsasını təşkil edir. “Hazırda lisenziyalaşdırma prosedurları ilə bağlı tənzimləyici problemlərə görə Azərbaycan dərmanları Ukrayna bazarına daxil deyil. Lakin prosedurlar uyğunlaşdırıldığı təqdirdə, Ukrayna bu sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Eyni zamanda, bir sıra Ukrayna dərmanları artıq Azərbaycan bazarına ixrac olunur və bu, farmasevtika ticarətində müsbət nümunə sayılır. Ukrayna dərmanların qeydiyyatı və dövriyyəsi sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Azərbaycan şirkətləri Ukraynada dərman qeydiyyatı ilə maraqlanarsa, Ukrayna Səhiyyə Nazirliyi tam dəstək verməyə hazırdır. 2022-ci ildə Azərbaycan ölkədə məhdud daxili istehsal səbəbindən dərman idxalının lisenziyalaşdırılması prosedurlarını sadələşdirdi. Bu isə Ukrayna şirkətləri üçün bazara daxil olmaq imkanlarını genişləndirir. Bundan əlavə, Ukrayna istehsalı olan yüksək keyfiyyətli və münasib qiymətli kosmetika və kosmetologiya məhsullarına da maraq artır”.

Nazir, eyni zamanda, müharibənin ilk günlərindən etibarən Azərbaycanın Ukraynaya müntəzəm olaraq humanitar yardım göstərdiyinə diqqət çəkib: “Dərmanlar, tibbi ləvazimatlar, xəstəxana avadanlığı, enerji texnikası və digər vacib məhsullar göndərilir. Müharibənin başlanmasından bəri Azərbaycan 2 min 100 tondan çox (125 göndəriş) humanitar yük, ümumi dəyəri 11,5 milyon ABŞ dollarından çox olan yardım çatdırıb. Bu yardımlarda dövlət qurumları, biznes strukturları, xeyriyyə təşkilatları və Azərbaycandakı Ukrayna diasporu fəal iştirak edib. Vətəndaş və biznes təşəbbüsləri çərçivəsində təkcə 605 tondan artıq tibbi avadanlıq, dərman, ərzaq, gigiyena vasitələri və generatorlar göndərilib. Azərbaycan, həmçinin Ukraynanın enerji infrastrukturunun bərpasını dəstəkləyir. 2023–2025-ci illər ərzində müvafiq sərəncamlarla 10,6 milyon ABŞ dolları, o cümlədən 2025-ci ilin fevralında 1 milyon və avqustunda 2 milyon dollar məbləğində maliyyə ayrılıb. Bu vəsait elektrik avadanlıqları, transformatorlar və kabel məhsullarının tədarükü üçün nəzərdə tutulub. Səhiyyə sahəsində bərpa layihələri çərçivəsində Azərbaycan İrpen şəhərində böyük yenidənqurma işləri həyata keçirir. Ukraynanın Bərpası üzrə Konfransda (URC-2023) elan edilmiş 10 milyon dollarlıq yardım paketinin bir hissəsi olaraq xəstəxananın və sosial infrastrukturun bərpasına 2 milyon dollardan çox vəsait ayrılıb. SOCAR və Azərbaycan hökumətinin dəstəyi ilə İrpen Mərkəzi Şəhər Xəstəxanasında (60 milyon qrivna dəyərində) əsaslı təmir aparılıb və Zərifə Əliyeva adına 12 saylı məktəb bərpa olunub. 2025-ci ilin aprelində xəstəxananın ambulator-diaqnostika mərkəzi yenidən açılıb. Bundan əlavə, Azərbaycan Ukraynanın enerji davamlılığını dəstəkləməyə davam edir. 2023–2025-ci illər ərzində enerji avadanlıqları, transformatorlar və generatorların tədarükü üçün 10 milyon dollardan çox vəsait ayrılıb. Bu yardım bərpa, sülh və inkişaf dəyərlərinə əsaslanan həmrəyliyin təzahürüdür”.

Digər xəbərlər