Səhiyyə Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı iki qardaş dövlət arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı, habelə səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələrin reallaşması ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də nümunəvidir. Nazirin sözlərinə görə, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrların yetişdirilməsində qardaş ölkənin tibbi mərkəzlərində çalışan mütəxəssislərin müstəsna xidmətləri var.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularının aradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daim dövlətimizin diqqətindədir. Belə ki, veteranlarımıza proaktiv psixoloji və tibbi yardım göstərmək üçün türkiyəli peşəkar mütəxəssislər Səhiyyə Nazirliyinin dəvəti ilə Azərbaycana gəliblər. Onlar bilik və təcrübələrini yerli mütəxəssislərlə bölüşərək, ehtiyacı olan şəxsləri müayinə və müalicə ediblər.
TİKA-nın rəhbərliyinin iştirakı ilə Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində Əczaçılıq Tədris Laboratoriyasının açılışının mahiyyətini vurğulayan Teymur Musayev deyib: “İki qardaş ölkənin gələcəyi olan gənclərin daha yaxşı təhsil almaları üçün yaradılmış tədris laboratoriyası tələbələrin praktik təlim imkanlarını genişləndirəcək. Eyni zamanda, əczaçılıq sahəsində müasir və keyfiyyətli təhsil mühitinin formalaşmasına xidmət edəcək”.
Səmimi qəbula görə təşəkkürünü bildirən Abdullah Eren vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir. TİKA-nın sədri, həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






