İslam Arbitraj Mərkəzinin Qəyyumlar Şurasının və İdarə Heyətinin növbəti iclası baş tutub

İslam Arbitraj Mərkəzinin Qəyyumlar Şurasının və İdarə Heyətinin növbəti iclası İstanbul şəhərində baş tutub. Toplantıda Mərkəzin inkişafı, tanıdılması və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Operativ Media xəbər verir ki, iclasda Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, İslam Ticarət və İnkişaf Palatasının prezidenti Abdullah Saleh Kamel, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev və digər beynəlxalq nümayəndələr iştirak ediblər.
İslam Arbitraj Mərkəzi İslam ölkələrində fəaliyyət göstərən sahibkarlar üçün vaxt və maliyyə baxımından qənaətcil, sürətli və effektiv mübahisə həlli mexanizmi təqdim edir.
Bu sistem sayəsində iş dünyası ticarət və investisiya mübahisələrini daha operativ şəkildə həll edə bilir. Sahibkarlar müqavilələrinə İslam Arbitraj Mərkəzi şərtini daxil etməklə yarana biləcək kommersiya və investisiya mübahisələrinin ədalətli və peşəkar müstəvidə çözülməsini təmin edə bilərlər.