İƏT üzv ölkələrin ümumi ixracatdakı payı 27%-ə çatıb

İstanbulda keçirilən 1-ci İslam Əməkdaşlıq Təşkilatı Biznes Liderləri Zirvəsi (B57+ Qrupu) İslam dünyasında iqtisadi və ticarət əməkdaşlığının inkişafı üçün mühüm platforma rolunu oynayıb.
Operativ Media xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ümumi ixracatdakı payı 2024-cü il etibarilə 27%-ə çatıb. Yaxın müddətdə bu göstəricinin 30%-ə yüksəldilməsi hədəflənir.
Bu məqsədə çatmaq üçün hökumətlər və biznes dairələri arasında davamlı dialoq xüsusi əhəmiyyət daşıyır.
Zirvə çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev, Türkiyənin ticarət naziri Ömər Bolat, İslam İnkişaf Bankının prezidenti Dr. Məhəmməd Süleyman Əl-Casser, İslam Ticarət və İnkişaf Palatasının prezidenti Abdullah Saleh Kamel və Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu bir araya gələrək B57+ Qrupu çərçivəsində planlaşdırılan fəaliyyət istiqamətləri və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər İƏT ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün birgə addımlar atmağın vacibliyini vurğulayıblar.